Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Şəhid anası: Dəstəyini əsirgəmədiyi üçün dövlətimizə də, “YAŞAT” Fonduna da dərin minnətdarlığımı bildirirəm
Cəmiyyət / 12-01-2023, 19:46

Şəhid anası: Dəstəyini əsirgəmədiyi üçün dövlətimizə də, “YAŞAT” Fonduna da dərin minnətdarlığımı bildirirəm

Könüllü olaraq Vətən müharibəsinə yollanan, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Əhmədağa İskəndərovun ailəsinin məişət şəraiti “YAŞAT” Fondu tərəfindən yaxşılaşdırılıb və tibbi xərcləri qarşılanıb.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Şəhidin ailə üzvləri onun haqqında xatirələrini bölüşüb, şəhadət xəbərini aldıqları gün haqqında danışıblar.

Şəhid Əhmədağa İskəndərovun həyat yoldaşı Ülviyyə İskəndərova deyib: “Əhmədağa ilə 2017-ci ildə tanış olduq. 2018-ci ildə ailə həyatı qurduq. Bir ildən sonra bir qızımız dünyaya gəldi. Əhmədağa çox qayğıkeş həyat yoldaşı, çox yaxşı ata idi. Xəyalları çox idi, qızımızın hansı bağçaya gedəcəyini, hansı məktəbdə orta təhsil alacağını belə müəyyənləşdirmişdi. Onun rəqslə məşğul olmasını istəyirdi. Təəssüf ki, arzuları yarımçıq qaldı. 2020-ci il sentyabrın 20-də Əhmədağanın son dəfə ad gününü - 31 yaşını qeyd etdik. Bir həftə sonra isə müharibə başladı və o, könüllü olaraq döyüşlərə yollandı. İmkan tapdıqca zəng edir, mesaj yazırdı. Hər dəfə də “yaxşıyam, salamatçılıqdır, narahat olmayın” deyirdi. Sonuncu dəfə oktyabrın 6-da mesaj yazmış, hər şeyin yaxşı olduğunu qeyd etmişdi. Oktyabrın 9-da isə şəhid olduğu xəbəri gəldi. Həmin günü xatırlamaq mənim üçün çox ağırdır. Səhər vaxtı idi, pəncərəyə yaxınlaşanda gördüm ki, həyətdə polislər, əsgərlər əllərində üçrəngli bayrağımız olan insanlar dayanıblar. Əvvəlcə inanmaq istəmədim, pis fikirləri beynimdən qovmağa çalışdım. Sonra bildim ki, şəhid xəbəri bizə gəlir. O an mənim üçün həyat sanki dayandı”.

Şəhidin anası Humay Bayramovanın sözlərinə görə, həmin gün gəlini təlaşla ona həyətdə nəsə baş verdiyini xəbər edib: “Qaçaraq pəncərədən baxdığımı xatırlayıram. Başımı çevirəndə Azərbaycan bayrağını gördüm. Ondan sonra hər şey mənə aydın oldu. Sonralar bildim ki, həyat yoldaşım bizdən əvvəl xəbəri alıbmış. Sən demə, həmin gün sübh tezdən atası həyətə enərkən izdihamı görərək səbəbini maraqlanıb. Ona birbaşa deyiblər ki, bu binaya şəhid gəlir. Həmin an yoldaşımın nitqi tutulubmuş, çünki yaşadığımız binadan döyüşə yollanan təkcə bizim oğlumuz idi”.

Humay xanım şəhid övladının ətrini onun qızından aldığını deyir: “Ondan yadigar qalan bir qız övladı yaşamaq üçün təsəllimdir. İstəyirəm ki, Vətənə layiqli bir övlad kimi böyüsün. Övladımın onunla bağlı xəyallarını həyata keçirmək ən böyük arzumdur. Dövlətimizə də, “YAŞAT” Fonduna da dərin minnətdarlığımı bildirirəm ki, bizə dəstəyini əsirgəmədilər. Fond həm tibb, həm də məişət şəraitinin yaxşılaşdırılması istiqamətlərində bizə kömək etdi”.

Xatırladaq ki, Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə etmək mümkündür.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.