Qida sahəsində fəaliyyət göstərən 16 müəssisədə nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvarın 10-da respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 42 ticarət müəssisəsi və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 16 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə əlaqədar 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/3788 linki vasitəsilə məlumat almaq mümkündür.