Xırdabuynuzlu heyvanlarda çiçək xəstəliyinin əlamətləri və ona qarşı mübarizə tədbirləri
Qoyun və keçilərin çiçəyi xırdabuynuzlu heyvanların virus mənşəli, kəskin gedişli, kontagioz infeksion xəstəliyidir. Xəstəlik heyvanların ölümü və məcburi kəsimi, məhsuldarlığın azalması, heyvan mənşəli xammalın (dəri, yun və s.) keyfiyyətinin aşağı düşməsi, həmçinin baytarlıq-sanitariya və karantin tədbirlərinə sərf olunan xərclərdən ibarət böyük iqtisadi itkilərlə səciyyələnir. Xəstəliyə yoluxmuş heyvanlar arasında reproduktiv fəaliyyətin pozulması, eləcə də balasalma halları baş verir. Bundan əlavə dəridə yaranan çiçək papulalarının yaratdığı zədələr dərinin sənaye əhəmiyyətinə mənfi təsir göstərməklə dəyərinin azalmasına səbəb olur.
AZƏRTAC xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin mütəxəssisləri Ş.B.Məmmədova, R.S.Kəngərli və K.N.Əliyevanın elmi məqaləsində deyilir.
Qoyun və keçilərin çiçək xəstəliyi zamanı heyvan ölümü ilə müşayiət olan itkilərlə yanaşı, xəstəlikdən sağalmış heyvanların məhsuldarlığının azalması da baş verir. Xəstəliyə yoluxmuş sürülərin tamamilə sağalması bir neçə il çəkə bilər. Qoyun və keçilər arasında müşahidə olunan çiçək xəstəliyi üzrə ölüm nisbəti xüsusilə cavan heyvanlar arasında daha yüksək olur. Çiçək xəstəliyi diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın beynəlxalq ticarətində məhdudiyyətlərin qoyulmasına, məcburi peyvəndləmə tədbirlərinin həyata keçirilməsinə, heyvanların hərəkətinin məhdudlaşdırılmasına və s. kimi iqtisadi itkilərə səbəb olur.
Çiçək xəstəliyinin törədicisi Poxviridae ailəsinə, Capripoxvirus cinsinə mənsub DNT tərkibli virusdur. Dünyanın müxtəlif ölkələrində aşkar edilən çiçək virusu ştamları antigen xüsusiyyətlərinə görə identikdir. Qeyd etmək lazımdır ki, çiçək virusu zoonoz deyil. Virus ətraf mühitə xəstə heyvanların ifrazatları (tüpürcək, burun seliyi, göz yaşı, pustula mayesi, süd, sidik və s.) və quruyaraq qopub düşən çiçək qərtməkləri ilə yayılır. Xəstə heyvanların axıntıları ilə xaric olunan virus sağlam heyvanların aerogen yolla yoluxmasına səbəb olur. Törədici sağlam heyvanlara xəstə heyvanlarla təmas zamanı, başlıca olaraq zədələnmiş dəri və selikli qişalar vasitəsilə sirayət edir. Virusun alimentar yolla - ağız boşluğunun zədələnmiş selikli qişası ilə sağlam heyvanlara yoluxması da istisna deyil. Ötürülmə xəstəlik törədicisi ilə çirklənmiş fomitlər və heyvan mənşəli məhsullar vasitəsilə də baş verə bilər.
Qoyunlar və keçilər bütün yaşlarda çiçəyə yoluxur. Zərif yunlu qoyunlar və quzular xəstəliyə daha həssas, qaba yunlu qoyunlar isə nisbətən az həssasdırlar. Anqor və pridon cinsli keçilər xəstəliyi nisbətən ağır keçirirlər.
Çiçək xəstəliyinin inkubasiya müddəti 1-2 həftə aralığındadır. Xəstəlik müəyyən mərhələlərlə inkişaf edir. Xəstəliyin ilkin mərhələsi heyvanlarda kövşəmənin dayanması, tənəffüsün çətinləşməsi, konyunktivit və rinit əlamətləri ilə (göz qapaqlarının şişməsi, göz və burunda hiperemiya, həmçinin serozlu-selikli və serozlu-irinli axıntılar) başlayır. Eyni zamanda, dərinin yunsuz nahiyələrində (əsasən başda, dodaqlarda, gözlərin ətrafında, qulaqlarda, ön və arxa ətrafların daxili səthində, xaya torbasında və yelində) səpgilər əmələ gəlir. Xəstəliyin ağır formasında səpgilər bütün bədəni əhatə edir. Səpgilər öncə çəhrayı rəngli ləkələr şəklində olmaqla, xəstəliyin ikinci mərhələsində qırmızı rəngli kəmərlə əhatə olunmuş papulalara (düyünlərə) çevrilir. Xəstəliyin üçüncü mərhələsində papulalar içərisində şəffaf maye toplanan vezikulalara (suluqlara), bir neçə gündən sonra isə içərisində irin kütləsi toplanan pustulalara (qabarcıqlara) çevrilir. Bu zaman bədən temperaturunun xeyli yüksəlməsi (40-42° C) heyvanın ümumi vəziyyətinin pisləşməsinə səbəb olur.
Xəstəliyə yoluxmuş heyvanlar müxtəlif vaxtlarda (3-4 həftə) sağalır. Xəstəliyi ağır keçirən heyvanlarda sağlamlıqla bağlı bərpa prosesləri zəif gedir. Bəzən yoluxmuş heyvanlarda xəstəliyə xarakterik xarici səpgilər müşahidə olunmadan xəstəliyin istənilən mərhələsində ölüm baş verir. Ümumi ölüm nisbəti çox vaxt 10 faizdən az olsa da, bəzən 50 faizi keçir. Həssas heyvanlarda və xəstəliyin ağır forması zamanı letallıq hətta 100 faizə çata bilər.
Xəstəliyə qarşı mübarizə tədbirləri çərçivəsində heyvanların profilaktiki olaraq dövri peyvəndlənməsi zəruridir. Peyvəndləmə endemik ərazilərdə xəstəliyə nəzarət etmək, epidemiyalar zamanı isə xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunur. Kliniki sağlam heyvanlar məcburi peyvəndlənməyə, xəstə heyvanlar isə simptomatik müalicəyə cəlb olunur. Ölmüş heyvanların cəsədləri zərərsizləşdirilməklə zəruri dezinfeksiya tədbirləri həyata keçirilir. Tədarük olunan yun və digər heyvan mənşəli xammal isə buxarlı dezkamerada 110 dərəcə C-də zərərsizləşdirilir.
Xəstəliyə qarşı spesifik müalicə metodu mövcud deyildir. Odur ki, təsərrüfatda xəstəlik baş verdiyi halda karantin tətbiq olunur. Bu zaman təsərrüfata heyvanların gətirilməsi və aparılması, xəstə heyvanların sağlam heyvanlarla birgə otarılıb suvarılması, heyvanların qırxılması, xəstə heyvanlarla təmasda olmuş yemlərin təsərrüfatdan çıxarılması, təsərrüfat ərazisinə nəqliyyat vasitələrinin, həmçinin kənar şəxslərinin giriş-çıxışı, heyvanların və heyvandarlıq məhsullarının satışı yolverilməzdir. Virusun xəstə heyvanlar, həmçinin fomitlər və yun kimi heyvan mənşəli məhsullar vasitəsilə sürüyə sirayətetmə ehtimalı yüksək olduğundan, biotəhlükəsizlik tədbirlərinə riayət olunması və təsərrüfata yeni gətirilmiş heyvanların karantində saxlanılması zəruridir.
Qeyd etmək lazımdır ki, qoyun və keçilərin çiçək xəstəliyi xüsusi təhlükəli xəstəliklər sırasına daxil olduğundan xəstəliyə qarşı profilaktiki peyvəndləmə tədbirləri dövlət tərəfindən həyata keçirilir. Heyvanlar arasında xəstəlik əlamətləri müşahidə edildiyi təqdirdə dərhal baytar həkiminə və aidiyyəti qurumlara məlumat verilməsi tövsiyə edilir.