“Pensiya kalkulyatoru” e-xidmətinə 1,3 milyondan çox müraciət olub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən biri olan “Pensiya kalkulyatoru”na ötən dövrdə 1,3 milyondan çox müraciət olub. Onlardan 1 milyon 148 min müraciət yaşa görə, qalanları əlilliyə və ailə başçısını itirməyə görə pensiya ilə bağlı müraciətlər olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2020-ci ildə istifadəyə verilmiş bu e-xidmət vətəndaşlara onlara pensiyanın nə zaman və qanunvericilikdə nəzərdə tutulan hansı şərtlərlə təyin ediləcəyini real vaxt rejimində öyrənmək imkanı verir.
Ölkənin vahid sosial reyestri olan e.sosial.az portalına keçid edib pensiya kalkulyatoru xidmətindən istifadə edən hər bir şəxs cari hesabında toplanmış sosial sığorta kapitalına əsasən ona təyin oluna biləcək pensiya məbləğini də hesablaya bilər.
Pensiya kalkulyatoru mövcud qanunvericiliklə vətəndaşa yaşa görə əmək pensiyası hüququnun yaranacağı tarix, hər üç pensiya növü (yaşa, əlilliyə və ya ailə başçısını itirməyə görə) üzrə tələb olunan sığorta stajı, pensiya kapitalı, hazırda pensiyaçı olub-olmaması və s. barədə məlumat təqdim edir.