Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Prezident İlham Əliyev son Sərəncamı ilə növbəti sosial islahatlar paketinin icrasına start verdi
Cəmiyyət / 8-01-2023, 20:37

Prezident İlham Əliyev son Sərəncamı ilə növbəti sosial islahatlar paketinin icrasına start verdi

Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı, ölkə əhalisinin sosial müdafiəsi dayanır. Təsadüfi deyil ki, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl islahatlar aparılır. Xüsusilə də, son illərdə dünyada baş verən bahalaşma, qiymət artımlarının qlobal iqtisadiyyata fəal şəkildə qoşulmuş Azərbaycana da təsirsiz ötüşmədiyi faktını nəzərə alınmaqla respublika əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və rifahının bu təsirlərdən qorunması üçün zəruri və məqsədyönlü addımlar atılır. Elə Prezident İlham Əliyevin ili əvvəlində imzaladığı sərəncamlar da bu baxımdan istisna təşkil etmir”. Bunu AZƏRTAC-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Prezident İlham Əliyevin 2023-cü il 5 yanvar tarixli Sərəncamı yalnız son 5 ildə vətəndaş rifahının təminatı istiqamətində artıq 4-cü sosial islahat paketinin icrasına başlanmasını təmin edir: “Belə ki, Sərəncamla minimum aylıq əməkhaqqı 2023-cü il yanvarın 1-dən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Bununla da minimum əməkhaqqının artırılması nəticəsində vahid tarif cədvəlinin bütün pillələri - 19 pillə üzrə əməkhaqları da artacaq. Bura dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat və rabitə, meliorasiya, su təsərrüfatı və balıqartırma sahələrində çalışanlar daxildir. Eyni zamanda, əməkhaqqı artımı 700 min işçini əhatə edir. Onlardan 450 mini dövlət, qalan hissəsi özəl sektorda çalışanlardır. Bu əməkhaqqı artımı üçün illik 440 milyon manatlıq vəsait ayrılması təmin olunacaq. Eləcə də yeni Sərəncama əsasən minimum aylıq pensiyanın da 280 manata çatdırılması, müavinət və təqaüdlərin artırılması barədə 10 gün ərzində Nazilər Kabineti tərəfindən dövlət başçısına təkliflər təqdim ediləcək. Minimum aylıq pensiyanın 280 manata çatdırılması 100 minədək şəxsin pensiyasının artmasına imkan verəcək. Onu da qeyd etmək lazımdır ki, ötən il pensiyaçılara əlavə dəstək olaraq verilən maddi yardımlar bu ilin əvvəlindən pensiyalarının tərkibinə daxil edilib və növbəti mərhələ kimi bütün pensiyalar 2023-cü ilin əvvəlindən indeksləşdirilərək artırılacaq. Məhz bu məqsədlə də bu il pensiya ödənişlərinə 5 milyard 907 milyon manat yönəldilməsi nəzərdə tutulur ki, bu da 2022-ci ilə nisbətən 650 milyon manat çoxdur. Bir sözlə, builki yeni sosial islahat paketi çərçivəsində sosial ödənişlərdə növbəti artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar 1,9 milyon vətəndaşı əhatə edəcək. Ümumilikdə isə 2023-cü ilin dövlət büdcəsi xərclərinin 46 faizi sosialyönümlü xərclər kimi müəyyən olunub ki, bu da 2023-cü ilin dövlət büdcəsinin də sosialyönümlü olduğunu göstərir”.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.