Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edir
Prezident İlham Əliyevin 2023-cü il 5 yanvar tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərin nəzərinə çatdırır ki, 2023-cü il yanvarın 1-nə qədər minimum əməkhaqqından aşağı əməkhaqqı qeyd edilmiş əmək müqavilələrinə qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişiklik edilməsi və bununla bağlı müvafiq əmək müqaviləsi bildirişinin “Əmək və Məşğulluq” altsisteminə daxil edilməsi təmin edilməlidir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı 2023-cü il yanvarın 1-dən 345 manatdan aşağı ola bilməz.
Nazirliyin “Əmək və Məşğulluq” altsistemi vasitəsilə bu sahədə vəziyyətə mütəmadi nəzarət olunur. Bağlanılmış əmək müqavilələri, eləcə də müqavilələrə dəyişiklik edilməsi və ya xitam verilməsi barədə bütün məlumatlar həmin altsistemdə öz əksini tapır.
Həmin altsistem iş yerlərində bağlanmış əmək müqavilələri üzrə müəyyən edilmiş bütün əməkhaqları üzrə məlumatları real vaxt rejimində izləməyə imkan verir.
İşəgötürənlərin nəzərinə çatdırırıq ki, İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsinə əsasən işçiyə minimum aylıq əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi inzibati məsuliyyətə səbəb olur.