Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Qida Təhlükəsizliyi İnstitutunda süd məhsullarından və hazır dönərlərdən nümunələr müayinə edilib
Cəmiyyət / 5-01-2023, 23:28

Qida Təhlükəsizliyi İnstitutunda süd məhsullarından və hazır dönərlərdən nümunələr müayinə edilib

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması sahəsində monitorinqlər davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, süd məhsullarından 111 və hazır dönərlərdən 174 nümunə götürülərək müayinə məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.

Müayinələrin nəticəsinə əsasən 5-i pendir, 3-ü xama, 2-si kəsmik, 9-u ət və 3-ü toyuq dönəri olmaqla ümumilikdə 22 məhsulun minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi və nümunələrdə bağırsaq çöpləri qrupuna aid olan Escherichia Coli bakteriyası aşkar olunub.

Qeyd edək ki, insanlar virulent E.Coli ştamları ilə çiy və ya az bişmiş qida məhsullarının (ət və ət məhsulları, süd və süd məhsulları, çirklənmiş meyvə və tərəvəz və s.) istehlakı zamanı yoluxa bilərlər. E.Coli ilə yoluxmanın əsas əlamətlərinə diareya, iştahasızlıq, ürəkbulanma, qusma, yorğunluq, hərarətin yüksəlməsi və s. daxildir.

Bundan başqa məhsulun etiketində bitki yağından istifadə edilməsi barədə qeydlərin mövcud olmamasına baxmayaraq, 1 süd məhsulunun tərkibində fitosterinlər, həmçinin 1 dönər məhsulunda isə at DNT-si aşkar edilib. 51 nümunənin müayinələri isə hazırda davam etdirilir.

Sınaq nəticəsində uyğunsuzluq aşkarlanmış iki müəssisədə (“Xırman” MMC və fiziki şəxs Salamov Ramin Yusif oğluna məxsus “Dönərçi Baba” dönər evi) yoxlama aparılıb. Yoxlama çərçivəsində hər iki müəssisədə aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb, “Dönərçi Baba” dönər evinin fəaliyyəti məhdudlaşdırılıb.

Dönər evinə xammal kimi qəbul olunan çiy dönər istehsal edən müəssisədə, eləcə də monitorinq zamanı uyğunsuzluq aşkarlanmış digər sahibkarlıq subyektlərində qanunvericiliyə uyğun tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Həmçinin ticarət şəbəkələrinin rəhbərlərinə uyğunsuzluq aşkarlanan məhsulların satışdan çıxarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.

Qida Təhlükəsizliyi Agentliyi bir daha qida təhlükəsizliyi sahəsində qanunsuz fəaliyyətlə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd əməllərdən yayınmağa çağırır. Agentlik tərəfindən əhalinin sağlamlığının, həmçinin istehlakçı hüquqlarının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərini pozanlara qarşı sərt cəza tədbirləri ardıcıl olaraq bundan sonra da davam etdiriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.