Gözdən əlillər üçün 12 bədii əsər müyəssər formatda nəşr edilib
Görmə məhdudiyyətli uşaqlar üçün ətraf aləmin dərk edilməsinə dəstək məqsədilə “Daktil əylənək, daktil öyrənək” adlı layihələr çərçivəsində yumşaq materiallardan daktil kitablar hazırlanıb, regionlarda yaşayan əlilliyi olan şəxslərin ekstremist dini qurumlara qoşulmalarının qarşısının alınması məqsədilə maarifləndirici tədbirlər keçirilib və İslam dəyərlərinin düzgün dərk edilməsinə dəstək olacaq “Müsəlman kimliyi” kitabı Brayl üsulu ilə nəşr edilib.
AZƏRTAC xəbər verir ki, bunu Gözdən Əlillər Cəmiyyətinin XVIII qurultayında cəmiyyətin prezidenti Səmyar Abdullayev deyib.
Onun verdiyi məlumata görə, ötən qurultaydan sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyi ilə birgə əməkdaşlıq nəticəsində 32 cizgi filmi, 7 bədii filmin tiflo və surdo şərhləri hazırlanıb, 12 bədii əsər müyəssər formatda nəşr edilib.
“Görmə məhdudiyyəti olan gənc musiqiçilərin ifasında Zəfər Gününə həsr edilmiş “Zəfər notları” adlı klip çəkilib, Qarabağ uğrunda döyüşlərdə Milli Qəhrəman adına layiq görülənlər haqqında yazılmış bioqrafik əsərlər Brayl üsulu ilə çap edilib, məktəbəqədər yaşlı uşaqlar üçün 7 nağıl, məktəbəqədər uşaqlar üçün “Əlifbanı öyrənirəm” və “Saymağı öyrənirəm” kitabları hazırlanıb. Tanınmış gözdən əlil şair Qiya Paçxataşvilinin sözlərinə musiqi bəstələnib və orkestrın müşayiəti ilə oranjiman edilərək Gözdən Əlillər Cəmiyyətinin himni kimi qəbul edilib”, - deyə cəmiyyətin rəhbəri bildirib.