“Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib
Şəhid ailələri və müharibə iştirakçılarının hüquqlarının təmin edilməsi sahəsində çevik məlumat mübadiləsinə imkan verən elektron xidmətlərdən biri olan “Zəfər” altsisteminə 230 mindən çox şəxsə dair məlumat daxil edilib. 44 günlük Vətən müharibəsinin iştirakçısı olan və "Müharibə veteranı" adı verilmiş şəxslərə çevik şəkildə proaktiv təqaüd təyinatının aparılmasında da “Zəfər” altsistemi mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov sosial sahədə elektronlaşma proqramının icrası ilə bağlı 2022-ci il üzrə görülən işlər və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.
Sosial dəstək proqramlarının icrası sahəsində proaktiv təyinat mexanizmlərinin tətbiqi işlərindən də bəhs edən direktor hazırda “Himayədar ailə”, “Fərdi Reabilitasiya və Abilitasiya altsistemi” , “ƏMAS” , “E-birja” habelə digər elektron xidmətlərin dairəsinin genişləndirilməsi üzrə işlərin davam etdirildiyini diqqətə çatdırıb.