Bu il ƏƏSM-nin informasiya sistemlərinə edilən sorğu sayı 187 milyonu ötüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) e-sistemləri 50-dən çox qurumun informasiya sistemləri ilə inteqrasiya edilib. Həmin qurumlar tərəfindən bu il nazirliyin informasiya sistemlərinə edilən sorğu sayı 187 milyondan çox olub. Həmçinin bu il ƏƏSMN informasiya sistemlərinin “Hökumət buludu”na keçidini tam təmin edən ilk dövlət qurumu olub.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov sosial sahədə elektronlaşma proqramının icrası ilə bağlı 2022-ci il üzrə görülən işlər və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.
K.Əkpərov bu ilin may ayında əmək münasibətləri sahəsində bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini təmin edən “Əmək və Məşğulluq” altsisteminin (ƏMAS) istifadəyə verildiyini xatırladıb. O, bildirib ki, ƏMAS Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin bu günlərdə təşkil etdiyi “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” nominasiyasının qalibi olub.