Görmə məhdudiyyəti olanlar üçün internet portalı fəaliyyət göstərir
I və II Vətən müharibəsi və erməni terroru nəticəsində görmə qabiliyyətini itirənlərin 150 nəfərə yaxın olduğu müəyyən edilib. Gözdən Əlillər Cəmiyyəti tərəfindən “Gözümün nuru Vətən” adlı sənədli film çəkilib. Görmə qabiliyyətini itirmiş qazilərin cəmiyyətə inteqrasiya olunmasına və bu məqsədlə tibbi və sosial reabilitasiya kurslarına cəlb olunmasına dəstək göstərilib, qazilərin evlərinə gedərək onlar ziyarət edilib, təhsil və məşğulluq problemlərinin həlli üçün tədbirlər görülüb. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ilə əməkdaşlıq nəticəsində 100 nəfər görmə məhdudiyyəti olan şəxsə eynəklər verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gözdən Əlillər Cəmiyyətinin XVIII qurultayında cəmiyyətin prezidenti Səmyar Abdullayev məlumat verib.
Onun dediyinə görə, bu il görmə məhdudiyyəti olanlar üçün internet portalı fəaliyyətə başlayıb, portalda həmin kateqoriyadan olanlar üçün lazımi informasiyalar, görülən işlər və layihələr barədə xəbərlər, elektron və audio, eləcə də surdo və tiflo filmlərdən ibarət video, onlayn kitabxanalar yerləşdirilib.