Əmək və sosial müdafiə sahəsində bu il aparılan işlər və qarşıda duran hədəflər müzakirə olunub
Vətəndaş rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir. Bunun nəticəsi olaraq ölkəmizdə əmək, məşğulluq, sosial müdafiə sahələrində sosial islahatlar bu il də ardıcıl və geniş miqyas alıb və qarşıda yeni sosial hədəflər var.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu fikir nazirlikdə keçirilən kollegiya iclasında ifadə olunub.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq sosial təminat sisteminin gücləndirilməsi, sosial ödənişlərin artırılması, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində son illər atılan mühüm addımları qeyd edib.
Bildirilib ki, son dörd il ərzində 4 milyondan çox vətəndaşı əhatə edən üç sosial islahat paketi üzrə əlavə olaraq illik 6 milyard manat ayrılıb. Minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 53 faiz, əmək müqavilələri 30 faiz, əməkhaqqı fondu 2,2 dəfə, minimum pensiya 2,2 dəfə, orta aylıq pensiya 80 faiz, sosial müavinət və təqaüd ödənişləri 3,5 dəfə artıb, 10-dan çox yeni sosial ödəniş növü təsis olunub.
Eyni zamanda, 2022-ci ildə də sosial islahatların yeni mərhələsinə keçildi. Bu il 3,4 milyon şəxsi əhatə edən sosial ödənişlərdə növbəti artımlar edildi və bu artımlar üçün illik əlavə olaraq 2,1 milyard manat ayrıldı.
Həmçinin bu il sosial təminat sisteminin, sosial ödəniş alanların əhatə dairəsi daha da genişləndi. Eləcə də “Əmək pensiyaları haqqında” Qanunda 50-dək əlavə və dəyişiklik edilməklə, pensiya sistemində bu sistemə əlçatanlığın artırılmasına, erkən pensiya hüququ olan kateqoriyaların sırasının artmasına xidmət edən yeni humanist yanaşmalar tətbiq edildi. Növbəti ilin əvvəlindən də pensiya artımında vahid indeksasiya metoduna keçiləcək ki, bu da bütün pensiyalarda hər il artıma imkan verəcək.
Sosial sahədə rəqəmsallaşma proqramının, rəqəmsal həllərin tətbiqinin genişləndirilməsi işləri qeyd edilib.
İclasda yeni peşə standartlarının hazırlanmasından da danışılıb, daha 148 peşə standartının reyestrə daxil edildiyi, reyestrdə 1000-dən çox standartın mövcud olduğu bildirilib. Dövlət tərəfindən əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin siyahısının növbəti dəfə genişləndirilməsinin nəzərdə tutulduğu qeyd olunub. Sosial təminat, pensiya sisteminin və əmək qanunvericiliyinin təkmilləşdirilməsi, övladlığagötürmə və digər sahələrdə görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.