Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Mənzillə təmin edilən qazi yeni ildən özünüməşğulluq proqramının iştirakçısı olacaq
Cəmiyyət / 24-12-2022, 18:24

Mənzillə təmin edilən qazi yeni ildən özünüməşğulluq proqramının iştirakçısı olacaq

Vətən müharibəsi qazisi kimi həmişə böyük diqqət və qayğı ilə əhatə olunmuşam. Müraciətim əsasında ”YAŞAT” Fondu və Sumqayıt Şəhər İcra hakimiyyəti tərəfindən mənə maddi yardım göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin özünüməşğulluq proqramına qoşulmuşam, hazırda avtoyuma servisi üzrə təlimlərdə iştirak edirəm. Təlimlərdən sonra aktivlərlə təmin olunaraq fəaliyyətə başlayacağam. Dövlət başçısının ad günü ailəmizin həyatına unudulmaz bir gün kimi daxil olacaq. Dörd nəfərdən ibarət ailəmiz Abşeron rayonunda üçotaqlı mənzillə təmin olundu.

AZƏRTAC xəbər verir ki, bu sözləri dekabrın 24-də Əmək və Sosial Müdafiə Nazirliyinin xətti ilə mənzillə təmin edilən 3-cü qrup Vətən müharibəsi əlili Emin Məmmədov deyib. O, “Vətən müharibəsinin iştirakçısı”, Hərbi xidmətdə fərqlənməyə görə”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Emin zabit kimi 2012-ci ildən hərbi xidmətdədir. Müharibənin ilk günündən döyüşə atılan cəsur hərbçi Füzuli rayonunun kəndləri uğrunda döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Qorqan kəndi uğrunda döyüşdə ayaq, qol və bədənindən qəlpə yaraları alaraq Əhmədbəyli kəndindəki hospitala yerləşdirilib. Təxminən 8-10 günlük müalicədən sonra yenidən döyüşdüyü hərbi hissəyə qoşulub. Onun döyüş yolu Şuşa ətrafındakı kəndlərə qədər uzanıb.

“Müraciətlərim heç vaxt cavabsız qalmayıb. Bu gün bizə orderləri təqdim olunan yeni mənzil isə bizə göstərilən qayğının daha bir ifadəsidir”,- deyə baş leytenant bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.