Paytaxtın Nərimanov rayonunda saxta spirtli içkilərin satışının qarşısı alınıb
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nərimanov rayonunun H.Əliyev küçəsi, ev 82F, məhəllə 889 ünvanında hüquqi şəxs “Alişan” şirkətinə məxsus “M” marketdə keçirilmiş yoxlama zamanı aşkar saxtalaşdırılma əlamətləri müəyyən olunub.
“Nemiroff Vodka Original” əmtəə nişanlı 40 faizli 1 ədəd 0,5 litrlik, “Lauren’s Blended Scotch Whisky” əmtəə nişanlı 43 faizli 1 ədəd 1 litrlik, “Jack Daniel’s Tennessee Whisky 1981 Gold Medal” əmtəə nişanlı 43 faizli 1 ədəd 1 litrlik, “Royal Salute Blended Scotch Whisky 38 il” əmtəə nişanlı 40 faizli 1 ədəd 0,5 litrlik alkoqollu içkilərin qablaşdırılmasında falqanın və aksiz markanın kustar üsulla yapışdırıldığı aşkarlanıb. Alkoqollu içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiqləyən sənədlər yoxlamaya təqdim edilməyib.
Faktla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, spirtli içkilər Qida Təhlükəsizliyi İnstitutunun müvafiq sınaq laboratoriyalarında müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin