Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Qida Təhlükəsizliyi Agentliyinin sədri "Rosselxoznadzor"un rəhbəri ilə görüşüb
Cəmiyyət / 23-12-2022, 14:24

Qida Təhlükəsizliyi Agentliyinin sədri "Rosselxoznadzor"un rəhbəri ilə görüşüb

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfər çərçivəsində bu ölkənin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert ilə görüşüb.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə qida təhlükəsizliyi ilə əlaqədar ikitərəfli münasibətlər, həmçinin imzalanması nəzərdə tutulan “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş” layihəsinin razılaşdırılması, FGIS “Argus-Fito” və “AQTIS” sistemlərinin inteqrasiyası üzrə işlərin davam etdirilməsi barədə müzakirələr aparılıb.

Görüş zamanı agentliyin sədri 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkəmizə qida və yem məhsullarının, o cümlədən qida ilə təmasda olan material və məmulatların idxalı ilə əlaqədar nəzərdə tutulan yeniliklərdən bəhs edib. Eyni zamanda Rusiya Federasiyasından ölkəmizə idxal olunan qida məhsulları partiyalarında aşkarlanmış uyğunsuzluqların gələcəkdə təkrarlanmaması və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi, o cümlədən idxal-ixrac prosesləri zamanı ortaya çıxan texniki çətinliklərə çevik reaksiya verilməsi məqsədilə təkliflər irəli sürülüb.

Görüşdə, həmçinin iki qurumun mütəxəssislərinin iştirakı ilə baytarlıq preparatlarının dövriyyəsinə nəzarətin (farmakonəzarət) həyata keçirilməsi, bitki mühafizəsi vasitələrinin dövriyyəsinə nəzarətin təşkili, ekspertizası və texniki tənzimləməsi, qida təhlükəsizliyi və heyvan sağlamlığı sahəsində tətbiq edilən seçilmiş metodların tətbiqi, validasiya və verifikasiya proseslərinin öyrənilməsi üzrə təcrübə mübadiləsinin təmin edilməsi müzakirə olunub.

Tədbirdə ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.