Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Qazi: Dövlətimiz bizə də, şəhidlərimizin əmanətlərinə də sahib çıxır
Cəmiyyət / 21-12-2022, 19:27

Qazi: Dövlətimiz bizə də, şəhidlərimizin əmanətlərinə də sahib çıxır

Azərbaycanda dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri də həssas təbəqənin daim diqqətdə saxlanılması, onların problemlərinin həlli istiqamətində tədbirlərin görülməsidir. Təsadüfi deyil ki, ölkə başçısı bütün dövlət qurumlarının qarşısında həmin qəbildən olan vətəndaşların rifahı naminə mühüm addımların atılmasını vəzifə kimi qoyub.

AZƏRTAC xəbər verir ki, dövlətin qayğı və diqqəti ilə əhatə olunanlardan biri də Vətən müharibəsi qazisi, ikinci qrup əlil Asəf Məmmədlidir. 2020-ci ilin sentyabrında başlanan haqq savaşımızın iştirakçılarından olan Asəf ona göstərilən qayğıkeş münasibətdən məmnunluğunu bildirib.

“Vətən müharibəsində döyüş yolum 2020-ci il sentyabrın 29-da Tərtər rayonunun Suqovuşan qəsəbəsindən başladı. On səkkiz gündən sonra, yəni oktyabrın 16-da elə Suqovuşanda aparılan hərbi əməliyyatların birində yaralandım. Aldığım xəsarət ağır olduğundan döyüş meydanından təxliyə edildim. Müalicələrim hələ də davam edir. Hazırda Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müalicə alıram. “YAŞAT” Fondu müalicə xərclərimin qarşılanmasına, o cümlədən məişət şəraitimin yaxşılaşdırılmasına kömək edib. Mənə aldığım xəsarətlərin ağırlıq dərəcəsinə görə, ikinci qrup əlillik təyin olundu və 6 min 600 manat sığorta ödənişi həyata keçirildi. Bundan başqa, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomobillə təmin olundum. Ev növbəsinə də yazılmışam. Görünən odur ki, dövlətimiz bizə də, şəhidlərimizin əmanətlərinə də sahib çıxır. Ərazi bütövlüyümüz uğrunda canından, sağlamlığından keçənlər unudulmur, atılan hər bir addımda xatırlanırlar”, - deyə A. Məmmədli bildirib.

Qeyd edək ki, Asəf Məmmədli “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.