Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » Ağdamda qanunvericiliyin tələblərini pozan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb
Cəmiyyət / 19-12-2022, 18:13

Ağdamda qanunvericiliyin tələblərini pozan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Ağdam rayonunun Əhmədağalı kəndində fiziki şəxs Kərimov Ələddin Məmməd oğluna məxsus “Ağdam” şadlıq evində yoxlama aparılıb.

Yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Şadlıq evində manqal və soyuq qəlyanaltıların hazırlanması sahəsinin asan təmizlənməsinə və dezinfeksiya işlərinin aparılmasına imkan verən tərzdə təchiz olunmadığı, manqal və qazan yeməklərinin hazırlanması sahəsində havalandırma sisteminin qurulmadığı, pəncərələrin zərərvericilərə qarşı qoruyucu torla təmin edilmədiyi aşkarlanıb. Müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmasını təsdiq edən müvafiq sənədlər də yoxlamaya təqdim olunmayıb.

Aşkar edilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.