“Paşa Holdinq” şəhid övladları üçün sosial dəstək proqramına start verib VİDEO
Dekabrın 19-da “Paşa Holdinq” 44 günlük Vətən müharibəsi və 2022-ci ilin sentyabrındakı erməni təxribatları zamanı şəhid olan qəhrəmanların 18 yaşadək övladları üçün sosial dəstək proqramına start verib.
AZƏRTAC-in məlumatına görə, bununla bağlı tədbirdə çıxış edən “Paşa Holdinq”in baş icraçı direktorunun müavini Şahin Məmmədov bildirib ki, bu mövzu qurumun korporativ məsuliyyət strategiyasında geniş yer alır və daim diqqət mərkəzindədir. “Vətən əmanətlərin keşiyindədir” proqramına əsasən, 2023-cü il ərzində 18 yaşadək olan şəhid övladları üçün təhsil, səhiyyə və digər sahələr üzrə sosial layihələr həyata keçiriləcək.
Belə ki, proqram holdinqin iki törəmə şirkəti tərəfindən icra olunacaq. Bunlar “Paşa Sığorta” və “Bravo” supermarketlər şəbəkəsidir. Proqram çərçivəsində 44 günlük Vətən müharibəsi və ondan sonra törədilən təxribatlar zamanı şəhid olan qəhrəmanların 18 yaşınadək olan 1700 şəhid övladı tibbi sığorta ilə təmin ediləcək.
Həmin uşaqların tibbi sığorta xərcləri "Paşa Sığorta" tərəfindən qarşılanacaq. Həmçinin gələn il müxtəlif bayramlar ərəfəsində şəhid övladlarına “Bravo” supermarketlər şəbəkəsi tərəfindən sovqatlar çatdırılacaq. İlk belə sovqatlar dekabrın 22-dən etibarən “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin də iştirakı ilə ailələrə paylanılmağa başlanılacaq.
Bundan əlavə, “Paşa Holdinq” 2023-2024-cü il tədris ili ərəfəsində şəhid övladlarını məktəb ləvazimatları ilə təmin edəcək.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva bildirib ki, hazırda qazilər, şəhid ailələri, veteranlar və müharibədən əziyyət çəkən şəxslərin, xüsusilə də əhalinin həssas qrupuna aid olan uşaqların sosial hüquqi müdafiəsi daim dövlətin diqqət mərkəzindədir.
Ölkəmizin aparıcı şirkətlərindən biri olan “Paşa Holdinq”ə xalqımız üçün olduqca böyük əhəmiyyət kəsb edən növbəti uğurlu sosial proqrama imza atdığına görə təşəkkür edirəm. Ombudsmanlıq olaraq belə nəcib təşəbbüs və layihələri olduqca yüksək qiymətləndiririk. Hesab edirəm ki, şəhidlərin övladlarının və xüsusi qayğıya ehtiyacı digər uşaqların inkişafı baxımından mühüm rola malik olan belə vacib təşəbbüslərə digər şirkətlər də qoşulmalı, bu xoş ənənə ölkənin bütün regionlarını əhatə etməlidir”.
Tədbir zamanı “Paşa Holdinq”in şəhid ailələri və qazilərə həsr olunan digər layihələri barədə də təqdimatlar edilib.
Qeyd edək ki, 2020-ci ildən etibarən “Paşa Holdinq”in əsas məqsədləri sırasında vacib yerlərdən birini Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidən qurulmasına, bu ərazilərdə dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə vermək, Vətən müharibəsinin şəhid və qazi ailələrinə dəstək göstərmək təşkil edir. Bunu nəzərə alaraq, şirkət cari proqramların uzunmüddətli davam etməsini planlaşdırır. Tələbatdan asılı olaraq, növbəti illərdə proqramda müvafiq dəyişikliklərin edilməsi də mümkündür.