Dəmir yumruq » Cəmiyyət » Mağazalarda bizi belə aldadırlar: "Gizli inflyasiya" — AÇIQLAMA
Cəmiyyət / Bugün, 09:54

Mağazalarda bizi belə aldadırlar: "Gizli inflyasiya" — AÇIQLAMA

Yəqin ki, son vaxtlar marketlərdə aldığınız şokoladın bir qədər "arıqladığını", yağ paketinin 1 kiloqramdan 800 qrama düşdüyünü və ya sevimli çipsi paketindəki havanın artdığını hiss etmisiniz. Qiymət isə eyni qalıb. İqtisadiyyatda buna şrinkflyasiya deyilir. Bu termin ingilis dilindəki shrink (kiçilmək) və inflation (inflyasiya) sözlərinin birləşməsindən yaranıb. Mahiyyət ondan ibarətdir ki, istehsalçı məhsulun qiymətini artırıb alıcını qorxutmamaq üçün onun çəkisini və ya həcmini azaldır.

İqtisadçı Natiq Cəfərli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, bu sahədə ciddi problemlər mövcuddur, xüsusən çörək və un məhsulları, eləcə də restoranlarda porsiyaların miqdarı ilə bağlı:

“Hazırda mövcud qanunvericilik bu məsələləri müəyyən qədər tənzimləsə də, çox pərakəndədir və vahid mərkəzdə toplanmayıb. Bunun nəticəsində istehlakçılar hüquqlarını qorumaqda çətinlik çəkirlər. İstehlakçı hüquqlarının qorunması üçün aydın qərarlar qəbul edilməli və bütün məhsullar üçün standartlar müəyyənləşdirilməlidir. Bu standartlar yalnız yerli istehsalçılara deyil, xarici məhsullara da eyni şəkildə tətbiq olunmalıdır. Məsələn, məhsulun üzərində 200 qram yazılıbsa, amma çəkisi 180 qramdırsa, cavabdehlik kimə aiddir? Xarici məhsullar üçün isə məsuliyyət kimin üzərinə düşəcək? Bu kimi suallar açıq şəkildə tənzimlənməlidir.”

Ekspert vurğulayıb ki, belə problemlər həm istehlakçıların haqlarının pozulmasına, həm də bazarda “gizli inflyasiya”nın yaranmasına səbəb olur:

“İstehlakçı faktiki olaraq az məhsul alır, lakin eyni qiyməti ödəyir, bu isə uzun müddətdə iqtisadi ədalətsizlik yaradır. Nəticədə, çörək, un məhsulları və restoran porsiyaları ilə bağlı vahid idarəedici qanunvericiliyin tətbiqi, aydın standartların müəyyənləşdirilməsi və istehlakçı hüquqlarının qorunması vacibdir. Bu, həm bazarda şəffaflığı təmin edəcək, həm də istehlakçının haqqını qoruyacaq.”

Qeyd edək ki, bu məsələ həm istehlakçıların hüquqlarının qorunması, həm də iqtisadi şəffaflığın təmin olunması baxımından ölkəmiz üçün aktuallığını qoruyur.

Əfsanə Kamal


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.