Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb.
Demiryumruq.az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə bağlı hazırlıq işlərinə başlanılıb.
Qeyd edilib ki, həmin ərazi daima Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq Xiyaban ərazisində müxtəlif rəngli qərənfillərdən xüsusi kompozisiyalar hazırlanır. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunub.
Həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin qurumları tərəfindən Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görülür, zədələnmiş plitələr dəyişdirilir, işıq dirəkləri rənglənir, səkilər və bütün ərazi yuyulur, xiyabandakı hər iki məşəldə profilaktika aparılır. Bundan əlavə ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib.