Dünya bazarında ət qiymətlərinin davamlı artımı əksər maldarlıq ölkələrini ixraca stimullaşdırır. Bu proses 4 ilə yaxındır işğalçı Rusiyaya qarşı döyüşən Ukraynadan da yan keçməyib. Ölkənin Süd İstehsalçıları Assosiasiyasının məlumatına görə, xüsusilə mal ətinə tələbatın artması Ukraynadan bu məhsulun ixracını stimullaşdırıb.
2025-ci ilin oktyabr ayında Ukrayna ixracatçıları xarici bazarlara 251 ton təzə və ya soyudulmuş mal əti tədarük ediblər. Göstərici bu ilin sentyabr ayı ilə müqayisədə 141 faiz, 2024-cü ilin oktyabr ayı ilə müqayisədə isə təxminən 417 dəfə (!) artıb. Bu məhsuldan əldə edilən gəlir 1,88 milyon dollar (sentyabr ayı ilə müqayisədə 203 faiz) təşkil edib. 2025-ci ilin əvvəlindən bəri dondurulmuş mal əti ixracının əsas istiqamətləri Türkiyə (44 faiz), Gürcüstan (25 faiz), İordaniya (16 faiz), Azərbaycan (10 faiz) və Moldova (5 faiz) olub.
2025-ci ilin oktyabr ayında Ukraynanın təbii dondurulmuş mal əti ixracının həcmi 1530 ton (sentyabr ayı ilə müqayisədə 30 artım) təşkil edib. Nağd gəlir təxminən 7,21 milyon dollar (+32 faiz) təşkil edib. 2025-ci ilin ilk 10 ayında dondurulmuş mal əti ixracı 15 330 tona (4 faiz artım) çatıb və dəyəri 64 milyon dollar olub (8 faiz artım). Əsas alıcılar Azərbaycan (33 faiz), Çin (28 faiz), Özbəkistan (16 faiz), Qazaxıstan (8 faiz) və Moldova (6 faiz) olub.
Göründüyü kimi, Azərbaycan Ukraynadan dondurulmuş mal əti alışında ən böyük paya malikdir. Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına əsasən bu ilin ilk 10 ayında Azərbaycana 90,1 milyon dollar dəyərində 38,6 min ton ət idxal olunub. Bu isə o deməkdir ki, ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 14,7 milyon dollar və ya 14 faiz, miqdar ifadəsində isə 9,7 min ton, yaxud 20,1 faiz azalıb. Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkəyə 104,8 milyon dollar dəyərində 48,2 min ton ət idxal edilmişdi.
Bu ilin ilk 10 ayının nəticələrinə görə Azərbaycana idxal olunan ətin 1 kiloqramının orta idxal qiyməti 3 manat 97 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 3 manat 70 qəpik idi. Bu da illik müqayisədə 27 qəpik və ya 7,3 faiz bahalaşma deməkdir (FED.az).
Açıqlanan rəsmi statistikadan aydın olur ki, ət idxalında üstün pay toyuq ətinindir. Belə ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən yanvar-sentyabrda ölkəyə idxal olunan 33,2 min ton ətin üst-üstə götürdükdə 20 min tonu məhz toyuq ətidir. Daha 1,5 min ton hindquşu əti idxal edilib.
Toyuq əti idxalında birinci yerdə Ukrayna, ikinci yerdə Belarus, üçüncü yerdə Gürcüstandır.
Mal ətinə gəlincə, doqquz ayda Azərbaycana 8,3 min ton mal əti idxal olunub. Bunun cəmi 100 tondan bir qədər artığı təzə və ya soyudulmuş, qalanı isə dondurulmuş məhsuldur. İdxal mənbəyinə gəlincə, mal ətinin 4,3 min tonu Ukraynadan, 2145,99 tonu Braziliyadan, 885,98 tonu Belarusdan, 842,98 tonu Hindistandan, qalanı Rusiya, İordaniya və bir neçə başqa ölkədən alınıb.
Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə Azərbaycana 8681,039 ton mal əti idxal olunmuşdu. İdxal mənbərləri üzrə bölgü təxminən eynidir.
Mal ətinin idxalı azalsa da, diri iribuynuzlu malların idxalında kəskin artım var. Əgər ötən ilin 9 ayında Azərbaycana 27 milyon 822,16 min dollar dəyərində 32 740 baş ətlik diri iribuynuzlu heyvan idxal olunmuşdusa, bu ilin eyni dövründə göstərici 72 milyon 87,74 min dollar dəyərlə 89 min 610 başa yüksəlib. Ötən il diri malı Rusiya, Gürcüstan və Qazaxıstandan, bu il onlardan əlavə az miqdarda Slovakiyadan almışıq.
Qeyd edək ki, Ukrayna Azərbaycan üçün ənənəvi ət idxalı bazarıdır. Hələ sovet dövründə maldarlığın yüksək inkişaf etdiyi Ukrayna ittifaq ölkələri üçün əsas ət mənbələrindən biri olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra da Ukraynadan mal, toyuq ətinin idxalını dayandırmayıb. Yalnız 2022-2023-cü illərdə Rusiyanın işğalçı hücumu ilə bağlı logistik zəncirlər pozulduğuna görə Ukraynadan Azərbaycana ət idxalında geriləmə qeydə alınıb. 2024-cü ildən idxal tamamilə bərpa olunub, artan dinamika nümayiş etdirməkdədir.
Ukraynada maldarlıq daha çox təbii üsulla inkişaf etdiyinə görə Azərbaycan üçün bu ölkədən ət almaq daha təhlükəsiz hesab oluna bilər. Məsələn, GMO yemlərin dünyada ən çox tətbiq olunduğu Braziliyadan, yaxud Azərbaycana qeyri-dost münasibəti sərgiləyən Hindistandansa, ətin Ukraynadan alınması əhalinin qida təhlükəsizliyi baxımından daha səmərəlidir. Bu, həm də nəqliyyat xərclərinin az olması baxımından Azərbaycan üçün sərfəlidir.
O ayrı məsələdir ki, kənd təsərrüfatı ölkəsi sayılan Azərbaycan niyə ət təminatında getdikcə daha böyük ölçüdə idxaldan asılı hala gəlir? Burada söhbət yalnız ət deyil, həm də ətlik istiqamətli diri heyvan idxalından gedir.
Aydındır ki, dondurulmuş əti adətən əhali deyil, əsasən kolbasa-sosiska, konserv istehsalı, qismən isə ictimai iaşə müəssisələri istehlak edirlər. İdxal da onların istehsal və istehlak tələblərinə uyğun artıb-azalır.
Amma diri heyvanlar - 5-6 aylıq dana və quzular bilavasitə az müddətdə bəslənərək kəsimə verilmək üçün idxal olunur. Bu idxalın kəskin artımı yerli istehsalı daxili tələbatı təmin edə bilməməsindən qaynaqlanır. Yerli istehsalı getdikcə azalması isə məqsədyönlü siyasətin nəticəsi hesab oluna bilər. Söhbət ilk növbədə son 10 ildə qoyunçuluğun və maldarlığın iflasına gətirib çıxaran, bitkiçiliyə hesablanmış aqrar inkişaf siyasətindən gedir. Məhz bu siyasət nəticəsində əsas heyvadarlıq rayonlarında sürülərin qışlaq əraziləri etirazlara, sağlam analizlərə baxmadan əkin altına verilib. Neft qiymətlərinin kəskin azalması nəticəsində valyuta gəlirlərinin sürətlə düşməsi qısa müddətdə ölkəyə valyuta gətirə biləcək sahələrin inkişafını zəruri edirdi. Çox təəssüflər olsun ki, hökumət asanına yönələrək belə sahələr kimi bitkiçiliyi önə çəkdi. Nəticədə, yüz minlərlə baş qoyun və mal-qara sürüləri otlaq-qışlaqsız qalaraq məhv edildi. Rəsmi statistika bu prosesi aydın göstərir: son 5 ildə Azərbaycanda iribuynuzlu mal-qaranın və keçi-qoyunların sayı hər il azalaraq ən aşağı həddə düşüb. Dövlət Statistika Komitəsinin (DSK) rəqəmlərinə əsasən 2025-ci il yanvarın 1-nə ölkədə olan iribuynuzlu mal-qaranın sayı 2 milyon 465,6 min baş, 2024-cü il yanvarın 1-nə 2 milyon 507,7 min baş, 2023-cü il yanvarın 1-nə 2 milyon 618,1 min baş, 2022-ci il yanvarın 1-nə 2 milyon 648,8 min baş, 2021-ci il yanvarın 1-nə 2 milyon 650,7 min baş, 2020-ci il yanvarın 1-nə isə 2 milyon 646,6 min baş olub.
Eyni zamanda 2025-ci il yanvarın 1-nə ölkədə olan qoyun-keçilərin sayı 6 milyon 896,5 min baş, 2024-cü il yanvarın 1-nə 7 milyon 60,6 min baş, 2023-cü il yanvarın 1-nə 7 milyon 751,7 min baş, 2022-ci il yanvarın 1-nə 7 milyon 899,7 min baş, 2021-ci il yanvarın 1-nə 8 milyon 89,7 min baş, 2020-ci il yanvarın 1-nə 8 milyon 189,2 min baş olub.
Bu statistikadan aydın olur ki, 5 ildə qoyun-keçi sayında 1,5 milyon başa yaxın, mal-qara sayında isə 200 min başa yaxın azalma olub.
Hökumət rəsmiləri fərdi heyvandarlıqdan iri təsərrüfatlara keçid olacağını, tezliklə iri və cins heyvandarlıq qurumlarının ölkənin təminatında aparıcı yerə çıxacağını vəd etsələr də, bu, reallaşmadı. Kor-koranə məhv edilən qoyun sürülərindən alınacaq məhsulun əvəzini isə idxal quzuları hesabına doldurmağa başladılar. Sərhəd bölgələrdə yaşayan fərdi şəxslər Rusiya, Gürcüstan, hətta Qazaxıstandan 5-6 aylıq dana və quzuları gətirib, 3-4 ay baxdıqdan sonra kəsib satmağa, yaxud elə baxımsız satmağa başladılar. Bu işin qazanc gətirdiyini görən inhisarçı qruplar dərhal ona əl qoydular. 2020-ci il koronavirus pandemiyasından etibarən Gürcüstan və Rusiya ilə quru sərhədinin bağlanması onlar üçün göydəndüşmə fürsətə çevrildi: fərdi şəxslərin öz avtomobilləri ilə sərhədi keçməsi qadağan edildi, nəticədə kiçik bir qrup hər iki ölkədən diri heyvan idxalını tam əlinə aldı. Hansı ki, belə idxal fantastik sürətlə artır. Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, 2025-ci ilin yanvar-sentyabrında Azərbaycana xaricdən 29 milyon 814,22 min dollar dəyərində 271 min 971 baş diri qoyun (ətlik istiqamətli quzular) idxal olunub. Bu, ötən ilin eyni dövründəki idxalla müqayisədə dəyər baxımından 2,2 dəfədən çox, say baxımından isə 1,9 dəfədən çox artım deməkdir.
Xatırladaq ki, 2024-cü ilin yanvar-sentyabrında ölkəyə 13 milyon 396,38 min dollar dəyərində 139 min 719 baş quzu idxal olunmuşdu.
Azərbaycanın ət bazarı sürətlə idxal asılılığı və inhisar nəzarəti kimi mənfi təsirlərin altına düşməkdədir. Hökumətin bundan narahatlıq keçirdiyi isə müşahidə olunmur...
Dünya SAKİT