Xəbər lenti
Dəmir yumruq » Cəmiyyət » “Fərqli Fərdlər” Konqresi beşinci dəfə Bakıda keçiriləcək
Cəmiyyət / 28-02-2023, 01:59

“Fərqli Fərdlər” Konqresi beşinci dəfə Bakıda keçiriləcək

Heydər Əliyev Mərkəzində Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün “Fərqli Fərdlər” konqresi keçiriləcək. Artıq ənənəyə çevrilmiş konqres bu il 5 illik yubileyini qeyd edir. Beş illik bir müddətdə daha da inkişaf edən konqresin gündəliyindəki mövzular daha da genişlənərək, nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqları, eləcə də böyükləri əhatə edəcək.

Bu barədə AZƏRTAC-a “Caspian Event Organisers” şirkətindən məlumat verilib.

Bildirilib ki, “Fərqli Fərdlər” 2019-cu ildən etibarən ictimaiyyətin diqqətini autizm, diqqət əskikliyi və hiperativlik, uşaq serebral iflici (USİ), Daun sindromu və digər mövzulara maksimum dərəcədə yönəltmək və valideyn, mütəxəssis və pedaqoqlar arasında dialoq quraraq, dövlət tərəfindən müəyyən edilmiş inklüziv cəmiyyətin genişləndirilməsi təmayülünü dəstəkləyir. Konqresin əsas məqsədi və nail olmağa çalışdığı ən başlıca hədəf isə ictimaiyyətdə fərqli qayğıya ehtiyacı olan insanlar haqqında məlumatlılığı artırmaq, ən əsası isə həmin şəxslərə düzgün yanaşma ilə onları cəmiyyətə qazandırmaq və cəmiyyətdə öz yerlərini tapmağa yardımçı olmaqdır.

“Fərqli Fərdlər” 2023-də geniş spektrli mövzuların müzakirəsi, fikir mübadiləsi və təcrübə paylaşımı məqsədilə ABŞ, Azərbaycan, Belarus, İsrail, Rusiya, Türkiyə və başqa ölkələrdən olan tanınmış yerli və aparıcı beynəlxalq spikerlər çıxış edəcəklər. Platforma yerli və xarici natiqlər arasında əlaqələrin qurulması üçün əla vasitə rolunu oynayır. Konqresin moderatorları arasında xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri və fərqli inkişaf özəllikləri ilə seçilənlər də olacaq.

Konqresin prodüseri “Autistic city” autizm spektr pozuntusu (ASP) diaqnozlu insanlara dəstək mərkəzinin rəhbəri, ASP olan şəxs Antonina Steynberqdir. Diqqətçəkən məqam ondan ibarətdir ki, “Fərqli Fərdlər”də xüsusi qayğıya ehtiyacı olan uşaqlar da çalışacaqlar.

Konqresin açılış mərasimində xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımova layihə üçün xüsusi olaraq yazılmış “Fərqli Fərdlər” himnini ifa edəcəklər. Hər zaman olduğu kimi bu dəfə də “Ümid var” Yaradıcılıq Qrupu öz iştirakları ilə tədbirə rəng qatacaq. Belə ki, xüsusi qayğıya ehtiyacı olan uşaqlar inklüziv kompozisiyalarla tədbirdə çıxış edəcəklər.

Konqresin builki proqramına 3 bölmə və panel müzakirəsi daxildir:

∙ I bölmə: İlk andan

∙ II bölmə: Məktəb vaxtı

∙ III bölmə: Birlikdə böyüyürük

∙ Panel müzakirəsi: Müşayiət olunan işə qəbul

Ənənəvi olaraq “Fərqli Fərdlər”in mövzuları təşkilatçılar tərəfindən müasir tələblər, eləcə də iştirakçıların xahişləri nəzərə alınmaqla formalaşdırılır. Tədbirdə ilk dəfə olaraq çox aktual, lakin həssas mövzu olan yeniyetməlikdə cinsi tərbiyə müzakirə olunacaq. Konqres zamanı, həmçinin inkişaf özəllikləri olan insanların uşaqlıq dövründə tədqiqatı və erkən müdaxilə, ASP sindromlu insanlarda qidalanma pozulması, “bullinq” və məktəbə inteqrasiyası, inklüziv işə qəbulu, perspektivlər və digər mövzular da əhatə olunacaq. Qeyd edilməlidir ki, həmin mövzularda çıxış edən mütəxəssislər hazırda Azərbaycan məktəblərində inklüzivlik üçün öz proqramlarını həyata keçirirlər.

Tədbirdə xüsusi qayğıya ehtiyacı olan insanlar üçün günəbaxanlı boyunbağılar tərəfdaş - “ZAMA LLC” tərəfindən təmin olunacaq. Məlum olduğu kimi, günəbaxan zahirən görünməz əlilliyin beynəlxalq simvoludur. Beləliklə, “Fərqli Fərdlər”in iştirakçıları boyunbağı sahibinin gizli əlilliyini görə biləcək və nəticədə oriyentasiya, qərar qəbul etmək və ya əlavə yardım üçün onlara daha çox vaxt lazım ola biləcəyini anlayacaqlar. Günəbaxanlı boyunbağıların sahibləri üçün rahat şərait və yeməklərin verilməsi üçün ayrıca xətt təşkil ediləcək. Bundan əlavə, zalda uşaqlar və böyüklər üçün xüsusi istirahət otağı fəaliyyət göstərəcək.

Bu il də tədbir xüsusi qayğıya ehtiyacı olan insanlara daima qayğı və diqqət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Regional İnkişaf İctimai Birliyi (RİİB), Dayanıqlı Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi), DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi, Dövlət Reklam Agentliyi (ADRA), Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və Sosial Xidmətlər Agentliyinin dəstəyi ilə təşkil edilir.

“Fərqli Fərdlər” konqresinin gümüş sponsoru “PMD Group” şirkətidir. Sessiya sponsorları – “Nar” və “GrowGroup Azerbaijan”, Qeydiyyat sponsoru qismində isə “Gubre.az” şirkəti çıxış edir. Tədbir, həmçinin “AzExpoMontage”, “ZAMA LLC”, “Credo Group”, “Black & Black Studio”, “BakPro MMC”, “Art-Trio” Creative Studio, “Pro Media Group”, "Konfrans Services", “Yaman Group”, “Indigo Printhouse”, “Bağçam” uşaq bağçaları şəbəkəsi, “Avto FM 107.7”, “Space FM 104”, “Baku Retro FM”, “Baku Hit FM”, “Highlight” və “Propaganda Agency” şirkətləri tərəfindən dəstəklənir. Konqresin təşkilatçısı “Caspian Event Organisers” (www.ceo.az) şirkətidir.

Qeyd edək ki, “Fərqli Fərdlər” 2023 Konqresində iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir: https://ferqliferdler.az/az-register/.

Tədbirdə tərəfdaş və ya sponsor kimi çıxış etmək üçün [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq olar.

Konqresin fəaliyyətini “Fərqli Fərdlər”in rəsmi saytı (www.ferqliferdler.az), Facebook və Instagram səhifələrində izləmək olar.

Yarandığı müddət ərzində “Fərqli Fərdlər” konqresi dövlət qurumlarının və sponsorların dəstəyi sayəsində əhəmiyyətli nəticələrə nail olub. Belə ki, son illərdə xüsusi qayğıya ehtiyacı olan insanlara olan münasibət və qayğı müsbət tendensiya üzrə inkişaf etməkdədir. Hazırda həmin qrup uşaqlar və böyüklərə yardım göstərən mərkəzlərin və mütəxəssislərin sayı davamlı olaraq artır. Onlar artıq müxtəlif dərnəklərdə məşğul olur və idman, musiqi və digər sahələrdə istedadlarını kəşf edərək uğurlar qazanırlar. Bundan başqa, xüsusi qayğıya ehtiyacı olanların valideyn və yaxınlarını məlumatlandırmaq üçün müxtəlif təlimlər keçirilir, onlar müxtəlif təlimatlandırıcı vasitələrlə tanış olurlar. Sevindirici haldır ki, xüsusi qayğıya ehtiyacı olan insanlar artıq bir sıra dövlət qurumları və şirkətlərdə işə qəbul olunaraq peşəkar fəaliyyətlərini davam etdirirlər. Məhz məlumatlılığın artması sayəsində cəmiyyətdə xüsusi qayğıya ehtiyacı olan insanlarla ünsiyyət qurmaq qorxusu aradan qalxır.

Konqresin əldə etdiyi konkret nəticələr isə aşağıdakılardan ibarətdir:

1. Konqresin təşkilatçıları Heydər Əliyev Beynəlxalq Hava Limanında xüsusi qayğıya ehtiyacı olan insanlar üçün əlçatan mühitin yaradılması üzrə proqramın tətbiqi barədə təşəbbüslə çıxış ediblər. Hava limanının rəhbərliyi həmin proqrama dəstək verərək layihəni reallaşdırıb. Bakı hava limanı dünyanın ən müasir hava limanlarından biridir və çoxsaylı beynəlxalq sertifikatlar da bunu təsdiq edir. Burada “görünməyən” məhdudiyyət – autizm, demensiya və Altsheymer xəstəliyi olan insanlar üçün də xidmətlər mövcuddur. Həmin xidmətlər sayəsində xüsusi qayğıya ehtiyacı olan sərnişinlər üçün uçuşlar daha rahat və az həyəcanlı olur. Heydər Əliyev Beynəlxalq Hava Limanında gizli əlilliyin beynəlxalq simvolu olan sarı günəbaxan naxışlı lanyardlar tətbiq edilir.

2. Təşkilat komitəsinin təşəbbüsü ilə Toni Ettvudun “Asperger sindromu üzrə tam təlimat” kitabı bir neçə dilə tərcümə edilir. Kitab eşitmə qüsurlu insanlar üçün də surdotərcümə şəklində tərcümə olunacaq. Təqdirəlayiq haldır ki, kitabın tərcüməsi və nəşri layihəsinin üzərində işləyən bütün komanda fərqli inkişaf xüsusiyyətləri olan insanlardan ibarətdir. Belə ki, tərcümə işi ilə autizm spektr pozuntusu (ASP) olan Antonina Steynberq və Aleksey Voskov məşğul olublar. Korrektor filoloq, “Rus dili və ədəbiyyatı” ixtisası, filologiya elmləri namizədi, Asperger sindromu diaqnozu qoyulmuş oğlanın anası Vera Jibuldur. Kitab cildinin dizaynının müəllifi isə ASP-li Ayşə Məmmədlidir.

3. “Fərqli Fərdlər” konqresi zamanı, ümumilikdə 300-dən artıq şəxs diaqnostikadan keçib. İştirakçılar beynəlxalq mütəxəssislərdən ödənişsiz məsləhətlər alıb, xüsusi qayğıya ehtiyacı olan fərdlərin yaxınlarının təcrübəsini görüb və çıxışlarını izləyiblər. Xarici spikerlər tədbirdən sonra da yerli mütəxəssislərlə sıx əməkdaşlıq edirlər. Bundan əlavə, “Fərqli Fərdlər” tədbiri xüsusi maarifləndirici proqramın hazırlanmasına təkan verib.

4. Konqres yeni yaradıcı layihələrin reallaşmasına səbəb olub: yalnız xüsusi qayğıya ehtiyacı olan insanlardan ibarət bir çox uşaq üçün bədii kollektivlərdə çıxış etmək imkanı yaranıb, autizm spektr pozuntusu olan gənc qızın ssenarisi əsasında “Zaman maşını” adlı uşaq tamaşası nümayiş etdirilib.

5. Autizmli uşaqların valideynləri üçün xüsusi dəstək klubu fəaliyyət göstərir. Klub üzvləri hər ay toplaşaraq təhsil, təlim tərbiyə, uşaqların gələcəyi mövzusunda müzakirələr aparır və bir-birilərinə dəstək olurlar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.