Doğru xəbərin asan olmayan yolu
Camaat arasında erməni quldur birləşmələrinin Xankəndidəki 366-cı motoatıcı alayın köməyi ilə Xocalıya daxil olaraq əhalini gülləbaran etdiyi, şəhərə od vuraraq yandırdığı, dinc və əliyalın sakinlərin işgəncələrlə öldürüldüyü, şəhər ətrafındakı meşə və çöllərin meyitlərlə dolu olduğu deyilirdi.
Deyilənlərin həqiqət yoxsa yalan olduğunu necə müəyyən edəsən?
Özü də internet, mobil telefon, müasir rabitə vasitələrinin heç birinin olmadığı dövrdə...
Bəzi qəzetlərdə Xocalıya od vurulduğu, dinc əhaliyə divan tutulduğu barədə informasiyalar var idi. Həmin informasiyalardan biri də “Səhər” gündəlik informasiya qəzetində verilmişdi. AZƏRTAC-ın müxbiri bu gün də maraq doğuran həmin informasiyanın tarixçəsi ilə maraqlanaraq həmin vaxt “Səhər”in müxbiri olmuş Süleyman Qaradağlı ilə söhbət edib.
“Əvvəla, aydınlıq üçün onu deyim ki, o vaxt indiki kimi müasir rabitə vasitələri yox idi. Adəti üzrə hər iş gününün əvvəlində cəbhə bölgələrindəki vəziyyəti öyrənmək üçün “07” rayonlararası danışıq məntəqəsinə zəng vurur, rayon polis şöbələrinin rəisləri, müavinləri və ya növbətçiləri ilə telefon əlaqəsi saxlayır və ötən gün ərzində baş verən xəbərləri öyrənir, cəbhə xəttindəki hadisələri qəzet səhifəsinə çıxarırdıq. Fevralın 26-da da işə gəlib eyni qayda ilə rayonlara telefon zəngi sifariş verdim və məlum oldu ki, Xocalı ilə telefon əlaqəsi saxlamaq mümkün deyil. Telefonçu xanımın cəhdlərinə baxmayaraq əlaqə alınmadı və mən Şuşa rayon polis şöbəsi ilə əlaqə saxladım. Xocalıda baş verənləri birinci olaraq oradan eşitdim.
Bir qədər sonra Ağdamdan redaksiyaya dalbadal telefon zəngləri daxil oldu. “Xocalının səsi” qəzetinin redaktoru, mərhum Sərdar Mehdiyev gecə baş verənlər və Ağdama gətirilən şəhid və yaralılar haqqında məlumat verdi. Onun ardınca “Qarabağ” qəzetinin müxbirləri Eyvaz Əliyev və Salman Babayev Ağdamdan, Kərim Kərimlı Şuşadan zəng edərək həmin məlumatı təsdiqlədilər. İndi adını unutduğum və yaxud tanımadığım adamlar da “Səhər”ə zəng edərək həyəcanla törədilən qətliam barədə danışdılar”, - deyə həmkarımız 31 il əvvəl baş verənləri yada salmağa çalışır.
O, söhbətini davam edərək deyib: “Bütün bunlardan sonra “Xocalı da işğal edildi” sərlövhəli informasiya yazdım. İnformasiya mətbəəyə yığılmağa göndərilməmişdən əvvəl onu oxuyan kimi “Səhər”in redaktor müavini Hidayət Elvüsal onun səhihliyini yoxlamaq və yazılanları hansı mənbələrdən aldığımı soruşdu. Mən xəbəri aldığım mənbələri sadalayandan sonra o, təəssüf və həyəcanını gizlətməyərək materialı mətbəəyə göndərdi.
Həmin gün axşam qəzeti çapa imzalayan məsul növbətçi idim. Qayda belə idi ki, növbətçi qəzet çapa imzalananadək bütün proseslərə məsuliyyət daşıyırdı. Biz mətbəədə qəzeti çapa hazırlayanda “Azərbaycan” nəşriyyatının yığım sexinə telefon zəngi daxil oldu, “Səhər”in işçilərini telefona çağırırdılar. Yadımdadır ki, məsul katib Mehdi Aliyev, korrektor Nəsimi Həbiboğlu və mən sətirtökən maşınların gurultusu altında o vaxt Xocalı rayon prokuroru Atakişi Atakişiyevlə, həmin vaxt Milli Ordu sıralarında döyüşən “Səhər”in bölgə müxbiri Şamil Sabiroğlu ilə danışdıq. Onlar ermənilərin 26 fevral gecəsi Xocalıda törətdikləri vəhşiliklər barədə çox böyük həyəcan və hiddətlə danışdılar, hadisə barədə xeyli fakt və məlumat verdilər. Gecə “Səhər”in redaktoru Məzahir Süleymanzadə və redaktor müavini Hidayət Elvüsal da mətbəəyə gəldilər və telefonla verilən məlumatları hazırlayıb qəzetin 27 fevral nömrəsində dərc etdik. Həmin informasiyalarda ölən, yaralanan, itkin və girov düşənlər barədə daha dolğun məlumat verilmişdi...