Dövlət Agentliyinin sədri Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri ilə görüş keçirib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqavi arasında görüş keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlayn formada təşkil olunan görüş zamanı Ülvi Mehdiyev fevralın 13-dən 15-dək Dubay şəhərində keçirilən 10-cu Dünya Hökumət Sammitinin uğurla təşkili və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə Birləşmiş Ərəb Əmirliklərinin Kabinet işləri naziri Məhəmməd bin Abdullah Əl Qərqaviyə minnətdarlığını bildirib.
BƏƏ-nin Kabinet işləri Naziri Məhəmməd bin Abdullah Əl Qərqavi öz növbəsində Azərbaycan tərəfinə builki tədbirə verdiyi töhfəyə görə təşəkkür edib və “ASAN xidməti” “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” mükafatına layiq görülməsi münasibətilə təbrik edib.
Görüş zamanı, həmçinin ötən il noyabrın 22-də “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun implementasiyası istiqamətində həyata keçirilməsi planlaşdırılan fəaliyyətlər ilə bağlı fikir mübadiləsi aparılıb.