“Azərbaycanda məşğulluğa dəstək" layihəsi çərçivəsində daha iki rayonda ictimai dinləmələr keçiriləcək
“Azərbaycanda məşğulluğa dəstək" layihəsi çərçivəsində Saatlı və Sabirabad rayonlarında da ictimai dinləmələr keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dinləmələr zamanı layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair ətraflı məlumat veriləcək.
İctimai dinləmələr 2023-cü il fevralın 28-i saat 14:00-da Saatlı rayonunda “Gənclər Evi” sosial xidmət müəssisəsində, Sabirabad rayonunda isə həmin gün saat 16:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək.