Son illərin təhsil statistikasına baxdıqda oğlan şagird və tələbələrin akademik göstəricilərində geriləmə açıq şəkildə müşahidə olunur.
Əvvəllər oğlanlar qəbul imtahanlarında, fənn olimpiadalarında və elmi sahələrdə lider idisə, indi bu göstəricilərdə qızlar üstün mövqeyə çıxıblar.
Son illərin qəbul imtahanlarında 600+ bal toplayan abituriyentlərin 63%-i qızlardır.
PİSA 2022 nəticələrində Azərbaycan üzrə qızlar oxu bacarıqlarında oğlanlardan orta hesabla 29 bal, riyaziyyatda isə 17 bal öndədir.
Ali təhsil müəssisələrində qızların payı 2010-cu ildə 47% idisə, 2024-cü ildə bu rəqəm 56%-ə yüksəlib.
Elmi məqalə və tələbə tədqiqat layihələrində iştirak edənlər arasında da qızların faizi 2 dəfə artıb.
Bu tendensiya göstərir ki, qızlar son illərdə həm motivasiya, həm məsuliyyət, həm də davamlılıq baxımından üstünlük qazanıblar. Onlar daha çox oxuyur, imtahanlara sistemli hazırlaşır, universitet və elmi fəaliyyətlərdə aktiv iştirak edirlər.
Əksinə, oğlanların sosial və psixoloji təzyiqləri, erkən əmək bazarına qoşulma halları və texnoloji asılılıqları (oyunlar, sosial media və s.) onların tədris göstəricilərinə mənfi təsir göstərir.
Dünyada da oxşar tendensiya müşahidə olunur:
Finlandiya, Estoniya və Yaponiya kimi ölkələrdə qızların məktəb nailiyyətləri, oxu və xarici dil bacarıqları oğlanlardan 10–15% yüksəkdir.
Bu vəziyyət sadəcə təhsil fərqi deyil — cəmiyyətin gələcək sosial strukturuna, əmək bazarına və elmi potensiala təsir edən bir məsələdir.
Təhsil sistemində oğlanların öyrənmə motivasiyasını gücləndirəcək psixoloji və pedaqoji yanaşmalar, gender balanslı tədris mühiti və maraq əsaslı dərs modelləri tətbiq edilməlidir.
Təhsildə gender fərqi əslində uğurun göstəricisidir — amma bu fərq böyüdükcə, balanslı cəmiyyətin gələcəyi üçün təhlükə yaranır.
Ona görə də məqsəd “kim daha güclüdür?” sualını deyil, “hamı necə inkişaf edə bilər?” sualını mərkəzə qoymaq olmalıdır.
Kamran Əsədov,
təhsil eksperti