Dəmir yumruq » Siyasət » Avropa təsisatlarının ikili standartları – Azərbaycanın prinsipal mövqeyi və siyasi mesajları
Siyasət / Dün, 18:01

Avropa təsisatlarının ikili standartları – Azərbaycanın prinsipal mövqeyi və siyasi mesajları

  

Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.

Ölkə başçısının çıxışı sülh gündəliyi, Avropa Parlamenti ilə bağlı verilmiş qərar və digər məsələləri əhatə edib. Prezident İlham Əliyevin çıxışında Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, keçən ilin avqust ayında Vaşinqtonda baş tutan sülh sammiti, o cümlədən sülhün bərqərar olması istiqamətində ölkəmizin təşəbbüsləri geniş şəkildə şərh olunub. Ölkə başçısının istər müxtəlif beynəlxalq platformalarda, istərsə də yerli və xarici mediaya müsahibələrində olduğu kimi “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışı da Azərbaycanın milli maraqlara cavab verən praqmatik xarici siyasət kursunu və qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.


Bu çıxış regionumuzda sülh, sabitlik və inkişafın təmin edilməsi üçün zəruri addımlar barədə bir ismarıc və çağırış olmaqla yanaşı eyni zamanda AŞPA və Avropa Parlamenti kimi Avropa təsisatlarının ölkəmizə qarşı uzun illər ərzində nümayiş etdirdiyi ikili standart və qərəzli yanaşmanın, sülh və əməkdaşlığa xələl gətirən mövqenin ifşası idi. Dövlət başçısının Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasına yönəlmiş iradları faktlara və konkret siyasi hadisələrə əsaslanırdı. Prezidentin vurğuladığı kimi hər bir ölkənin ərazi bütövlüyü eyni dəyərə malikdir və bu sahədə ikili standartların tətbiqi qəbuledilməzdir. Bu, beynəlxalq münasibətlər sistemində obyektivlik və ədalət prinsiplərinin qorunmasının vacibliyini bir daha gündəmə gətirir. Prezidentin nitqində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirilən prinsipial mövqe dövlət siyasətinin dəyişməz xəttini bir daha əks etdirir.


Dövlət başçısı ikili standartların bu gün AŞPA-nın sanki iş təlimatına çevrildiyini və Azərbaycanın ərazi bütövlüyünün istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malik olduğunu bildirməsi bu məsələdə konkret qətiyyətin səciyyəsi idi. Ölkə başçısı bütün bunlara cavab olaraq Azərbaycan Parlamentinin mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işinə son qoymaq və Avronest Parlament Assambleyasında üzvülüyü dayandırmasına aid prosedurlara başlaması ilə bağlı rəsmi qərarın qəbul edildiyini diqqətə çatdırdı. Heç şübhəsiz ki, prezidentin də vurğuladığı kimi İkinci Qarabağ müharibəsi bitdikdən 6 ay sonra – 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-a qədər Avropa Parlamentinin Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul etməsi əsl riyakarlıq və qərəz nümunəsi hesab edilməlidir. Xüsusilə də sonuncu sənədin Zirvə görüşü ərəfəsində qəbul edilməsi məqsədli siyasi təzyiqin təzahürüdür.


Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” layihəsi ilə bağlı səslənən fikirlər idi. Prezidentin nitqində qeyd olunub ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək və eyni zamanda Orta Dəhlizin tərkib hissəsinə çevriləcək bu marşrut regionun geoiqtisadi xəritəsini dəyişdirə biləcək strateji layihə hesab olunur. Bu təşəbbüs təkcə Ermənistan-Azərbaycan münasibətlərinə deyil, Avropa ilə Asiya arasında alternativ logistika marşrutların inkişafına da ciddi təsir göstərə bilər.


Prezident İlham Əliyevin çıxışının yekun hissəsində səsləndirdiyi mesajlar isə bütövlükdə Azərbaycanın strateji xəttini ifadə edirdi. Prezidentin nitqində Azərbaycanın prinsipial mövqeyi qəti şəkildə vurğulanır: Bütün təxribatlara və sülh prosesinə maneə olmaq istəyən qüvvələrin cəhdlərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və regional münasibətlərin normallaşdırılması istiqamətində siyasi iradəsini qoruyur.


Beləliklə prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı Azərbaycanın postmünaqişə mərhələsində formalaşdırdığı yeni siyasi konsepsiyanın beynəlxalq təqdimatı kimi mühüm mesajlarla yadda qaldı. Bu konsepsiyanın əsasını beynəlxalq hüquqa söykənən prinsipial mövqe, regional əməkdaşlıq, iqtisadi inteqrasiya və davamlı sülh təşkil edir.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.