Dəmir yumruq » Siyasət » Bunlarla bütün əlaqələri tam kəsmək lazımdır - çağırış
Siyasət / Bugün, 10:20

Bunlarla bütün əlaqələri tam kəsmək lazımdır - çağırış

 

Deputat Elşən Musayev Milli Məclisdəki çıxışında bildirib ki, Avropa Parlamenti yenə də öz "ənənəsinə" sadiq qalaraq və uzunmüddətli qərəz təcrübəsinə əsaslanaraq, Azərbaycana qarşı növbəti riyakar qətnaməsini qəbul edib.

Musavat.com-un məlumatına görə, deputat deyib ki, bunlar sanki kvorum gözləyirlər, bir himə bənddirlər - Azərbaycanı hədəf almaq üçün: “Hərçənd, biz artıq məlum icraatlara öyrəşmişik, alışmışıq və belələrinə qarşı siyasi immunitetimiz də çoxdan formalaşıb. Əvvəla yenə başlayıblar ki, “ay filankəs ədalətsiz həbs olundu” və ya filankəslər "hərbi əsir"dir. Keçən iclasların birində Niderland və Belçika mövzusu üzərindən həmin təfəkkürün yiyələrinə hörmətli həmkarım Erkin Qədirli çox dolğun cavab verdi və həmin cavab təxminən belə idi ki, öncə gedin, sənəd hazırlayanda bir normal hüquqşünas tapın, anlayışları dəqiqləşdirin, hər paraqrafda müxtəlif fikrə gəlməyin, fərqli havaya girməyin, ondan sonra danışarsız və məntiq yürüdərsiz”.

E.Musayev digər məsələyə diqqət çəkib: “Deyirlər Qarabağa ermənilərin ləyaqətli qayıdışı təmin olunmalıdır. Əvvəla, ondan başlayaq ki, Azərbaycan adekvat ölkədir, beynəlxalq öhdəliklərə hörmətlə yanaşır, birgəyaşayışın əleyhinə deyil və həmin yanaşmaya da öz əməli ilə daim sadiqlik nümayiş etdirib. Amma görün, bunu kim deyir? 30 il boyunca erməni vandalizminə, işğalına susan, göz yuman, 1 milyon qaçqın və köçkünün taleyinə biganə qalan Avropa Parlamenti!

Nonsens və kuryoz bax budur!”

Deputat AP-nin “mədəni irsi məhv edirsiniz” iddiasını da cəfəng sayıb: “Bax, bu yerdə bilmirsən güləsən ya ağlayasan. Niyə? Çünki, belə şeyi söyləmək, iddia etmək üçün sözün gerçək anlamında abırsız olmaq lazımdır. Və ya normal abır yetərlidir ki, həmin kəlməni dilinə almayasan.

Nəhayət, heç Ermənistanın siyasi rəhbərliyinin özü Avropa Parlamentinin əsassızca, məntiqsizcə qaldırdığı məsələlərin üzərinə getmir, kiməsə hərbi əsir demir, hansısa abstrakt mədəni irsdən danışmır.

O zaman adama sual verərlər: Sizə nə gəlib, cənablar? Siz niyə təlaşdasınız, vəlvələdəsiniz, cənablar?! Papadan artıqmı kotoliksiz?!”Deputat deyib ki, bunlarla bütün əlaqələri müvəqqəti də olsa, tam kəsmək lazımdır: “Həm, "Avronest"dən çıxmalıyıq, həm də Avroparlamentdəki komissiyada fəaliyyətimizi dayandırmalıyıq.

Çünki, bunların dəyərləri ümumbəşəri dəyərlər deyil.

Bunların dəyərləri rəzil, məkrli, saxta dəyərlərdir və həmin dəyərlərlə Avropa Parlamenti çox uzağa gedə bilməyəcək. Uzağa getməyəcək, gedə bilməyəcək təşkilatın yanında qərarlaşmamaq isə düşünürəm ki, ən salamat işdir”.

E.Paşasoy


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.