Lənkəranda şəhid ailələri ilə görüş keçirilib
Ordumuzun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Zəfər Muzeyinin fondunun komplektləşdirilməsi ilə əlaqədar Lənkəran şəhər Heydər Əliyev Mərkəzində şəhid ailələri ilə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, Mərkəzin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan İstiqlal Muzeyinin elmi fond işləri üzrə direktor müavini Aida Axundova şəhidlərimizə məxsus şəxsi əşyaların, sənədlərin, fotoların, video yazıların və s. materialların yaxın gələcəkdə yaradılacaq Zəfər Muzeyində onların nümayiş etdirilməsi, həmçinin saxlanılması üçün Azərbaycan İstiqlal Muzeyinə təhvil verilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
Qeyd edək ki, 2021-ci ilin yanvar ayından cari ilin müvafiq dövrünə qədər Zəfər Muzeyinin fondlarına 8000-dən çox eksponat toplanılıb.