Fikir dühalarından birinin dediyi kimi tarixi liderlər yaradır, tarixçilər yazır. Bu o liderlərdir ki, ölkənin taleyində və tarixində həlledici rol oynamaqla adlarını əbədi olaraq tarixə həkk edirlər. Təbii ki, belə dahi şəxsiyyətlər öz yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar.
XX əsr tariximizin parlaq siması, böyük şəxsiyyəti olan Ümummilli Lider Heydər Əliyevin siyasi portreti də Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Tarixşünaslıq elmi Heydər Əliyev şəxsiyyətini öyrəndikcə, əslində, müstəqil Azərbaycan dövlətinin tarixi keçmişini, bugününü, ölkəmizdə həyata keçirilən dövlətquruculuğu prosesini öyrənir.
Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna qovuşmasına nail olmuş dahi şəxsiyyətdir. Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi ehtiramla xatırlanır.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada dayanan ümummilli lider Heydər Əliyev Azərbaycanın müasir simasını, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır. Ümummilli Lider deyirdi: “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafe hər şeydən üstün olmalıdır.
Ulu öndərin tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir: “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir”.
Ümummilli Lider Heydər Əliyev bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. “Biz dərk etməliyik, anlamalıyıq ki, xöşbəxt bir mərhələyə gəlib çatmışıq, milli azadlığa nail olmuşuq, müstəqil dövlətimiz var, azad, müstəqil dövlətimiz var”.
Bu il xalqımız böyük məhəbbətlə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ümummilli Liderin siyasi irsi, onun çoxşahəli fəaliyyəti və dövlətçilik təfəkkürü elə bir sərvətdir ki, xalqımız bu irsdən daim bəhrələnir. Heydər Əliyevin ibrətamiz kəlamları, tövsiyyələri sözün əsl mənasında bir məktəbdir.
Ulu Öndərin “Ostankino” dövlətlərarası televiziya şirkətinə verdiyi müsahibəsində səsləndirdiyi fikirlər bu gün hər bir azərbaycanlıda qürur hissi doğurur:
“Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır”.
Gənc nəslin milli mənəvi dəyərlərimizə məhəbbət ruhunda böyüməsini Heydər Əliyev ən ümdə vəzifələrdən biri hesab edirdi: “Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”.
Ümummilli Lider həm də müstəqilliyimizi dönməz etməyi hər birimizin müqəddəs vəzifəsi olduğunu deyirdi: “Müstəqillik elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xöşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq və onu dönməz etmək, sarsılmaz etmək bundan da daha böyük vəzifədir, bundan da çətin vəzifədir, bundan da böyük xöşbəxtlikdir”.
Heydər Əliyev böyük uzaqgörənliklə deyirdi:
“Mən əminəm ki, biz Azərbaycanın müstəqilliyini qoruyacağıq, saxlayacağıq və gələcək nəsillərə müstəqil, yüksək iqtisadiyyata və potensiala malik olan bir dövlət bəxş edəcəyik”.
Bu gün Ulu Öndər Heydər Əliyev ideyaları möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin ən böyük uğuru isə illərdir işğal altında qalan torpaqlarımızın azadlığa qovuşması oldu. 2020-ci il Vətən müharibəsində qazandığımız tarixi Zəfərimiz həm də dahi şəxsiyyətin doğma Azərbaycanı ilə bağlı ən böyük arzusunun reallaşması oldu. Bu tarixi Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı ordumuzun rəşadəti, xalqımızın sarsılmaz həmrəyliyinin təcəssümü olmaqla yanaşı, eyni zamanda Heydər Əliyev uzaqgörən siyasətinin məntiqi nəticəsi idi.