Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Manşet / Siyasət / 5-12-2022, 14:50

Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Quru Qoşunları komandanı, Hərbi Dəniz Qüvvələri komandanı və Hərbi Hava Qüvvələri komandanı daxildir.

Hulusi Akar Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş etdi.

Görüşdə 2022-ci ilin də Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafı baxımından çox uğurlu il olduğu bildirildi, əlaqələrimizin bütün sahələrdə, o cümlədən hərbi sahədə daha da gücləndiyi vurğulandı. Bu baxımdan, hazırda ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə hərbi təlimlərinin çox böyük önəm daşıdığı qeyd edildi. Azərbaycanla Türkiyənin bundan sonra da daim bir-birinin yanında olacağı bildirildi.

Azərbaycana səfərinin Ümummilli Lider Heydər Əliyevin anım günü ərəfəsində olduğunu deyən Hulusi Akar Ulu Öndərin xatirəsinin Türkiyədə daim dərin ehtiramla anıldığını bir daha vurğuladı.

Söhbət zamanı Azərbaycan və Türkiyə prezidentləri arasında keçirilən mütəmadi görüşlərin münasibətlərimizin inkişafında rolu xüsusi olaraq qeyd edildi və iki dövlət başçısının müəyyənləşdirdiyi qərarlar əsasında digər sahələrdə olduğu kimi, hərbi sahədə də əməkdaşlığın uğurla davam etdiyi məmnunluqla vurğulandı.

Hulusi Akarın ölkəmizə səfərinin əlaqələrin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

Görüşdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.