Şuşa şəhərində 960 şagird yerlik 1 nömrəli tam orta məktəbin tikintisinə başlanılıb. Tikinti işlərinin 15.09.2023-cü il tarixində bitirilməsi nəzərdə tutulub. Hazırda tikinti işləri davam edir.
Bu barədə bu gün sorğusuya cavab olaraq, Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Şuşa şəhərində Şuşa Realnı məktəbinin layihə-smeta sənədləri hazırlanır. Məktəb işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üzrə büdcə vəsaiti hesabına bərpa ediləcək.
Füzuli şəhərində Füzuli Peşə liseyinin tikinti işlərinə növbəti ildə başlanılması planlaşdırılır. Hazırda layihə-smeta sənədləri hazırlanır.
Bununla yanaşı, Füzuli şəhərində 960 şagird yerlik tam orta məktəbin tikintisinin 15.09.2023-cü il tarixində bitirilməsi nəzərdə tutulub. Hazırda bünövrə işləri aparılır.
Suqovuşan kəndində 144 şagird yerlik ümumtəhsil məktəbinin tikinti işləri 15.09.2022-ci il tarixində bitib və açılış üçün son tamamlanma işləri görülür.
Kəlbəcər şəhərində 960 şagird yerlik və Zəngilan şəhərində 960 şagird yerlik tam orta məktəbin tikinti işlərinin növbəti ildə başlanılması planlaşdırılır. Hazırda layihə-smeta sənədləri hazırlanır.
Laçın şəhərində 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, bərpası və əsaslı təmiri nəzərdə tutulub və tikinti işlərinə başlanılıb. Həmçinin Laçın rayonunun Zabux kəndində tam orta məktəb binasının əsaslı təmiri nəzərdə tutulub və tikinti işlərinə başlanılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin 16 noyabrda imzaladığı sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqləndi.
Tədbirlər planına əsasən Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.
Sənəddə qeyd edilib ki, Şuşa rayonunda 7, Ağdam rayonunda 29, Füzuli rayonunda 23, Zəngilan rayonunda 21, Kəlbəcər rayonunda 30, Laçın rayonunda 21, Qubadlı rayonunda 16, Cəbrayıl rayonunda 25, Xocavənd rayonunda 20, Tərtər rayonunda (Suqovuşan və Talış kəndləri daxil olmaqla) 5 məktəbəqədər və ümumi təhsil müəssisəsinin tikintisi və bərpası nəzərdə tutulur.