Ombudsman Aparatı Sarıbabada aşkar edilmiş mina sahəsi ilə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə tədbirləri nəticəsində cari il noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələri tərəfindən basdırılmış və 2021-ci ildə Ermənistanda istehsalı olunan 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi aşkar edilib.
Minalanmış ərazilərin dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə əlaqədar dəfələrlə çağırışlar edilməsinə baxmayaraq, Ermənistan tərəfi hələ də beynəlxalq hüquq normalarına hörmətsizlik edərək bu istiqamətdə heç bir əməli addım atmır.
Bunun nəticəsidir ki, İkinci Qarabağ müharibəsindən sonra yüzlərlə mülki şəxs Ermənistan tərəfindən ərazilərimizdə basdırılmış minaların partlaması nəticəsində həlak olmuş və ya ağır xəsarətlər alıb.
Ombudsman regionda dayanıqlı sülhə və təhlükəsizliyə böyük zərbə vurmaqla yanaşı, işğaldan azad edilmiş tarixi torpaqlarımızda həyata keçirilən geniş bərpa-quruculuq işlərinə və keçmiş məcburi köçkünlərimizin əzəli ata-baba yurdlarına qayıtmasına maneə yaradan bu əməlləri kəskin şəkildə pisləyir, beynəlxalq təşkilatları Ermənistanına qarşı qətiyyətli mövqe nümayiş etdirməyə çağırır".