Xəbər lenti
Dəmir yumruq » Manşet » Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat sistemi sürətlə yaradılır - “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na şərh
Manşet / Siyasət / 19-11-2022, 14:05

Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat sistemi sürətlə yaradılır - “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na şərh

Qarabağ və Şərqi Zəngəzurun nəqliyyat sistemi sürətlə yaradılır - “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na şərh

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdış” I Dövlət proqramı çərçivəsində ölkə hökuməti bu ərazilərin inkişafı və reinteqrasiyasının dəstəklənməsinə yönəlmiş strateji əhəmiyyətli nəqliyyat infrastrukturunun tikintisi üzərində işləyir.

Belə ki, 2022-2023-cü illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun, Bərdə-Ağdam, Qubadlı-Eyvazlı, Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi, Hadrut-Tuğ-Azıx mağarası, Xudafərin - Qubadlı-Laçın avtomobil yollarının, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İranla birləşməsinin tikintisini və Araz çayı üzərində körpülərin, Kəlbəcər və Laçın rayonlarının daxili yollarının layihələndirilməsi və tikintisini davam etdirəcək. 2022-2026-cı illərdə Ağdam şəhərində daxili yolların layihələndirilməsi və tikintisi, Qarabağda avtonəqliyyat vasitələrinə texniki qulluq göstərən obyektlərin yaradılması nəzərdə tutulur.

Öz növbəsində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi avtovağzalların və taksi dayanacaqlarının tikintisi üçün yerləri müəyyən edəcək, avtomobil nəqliyyatı ilə müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarını təşkil edəcək. Bundan əlavə, bu proqram çərçivəsində “Azərbaycan Hava Yolları” QSC 2024-cü ilə qədər Laçın rayonunda beynəlxalq hava limanını tikib istifadəyə verəcək. “Azərbaycan Dəmir Yolları” QSC 2023-cü ilin sonunadək Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərinin tikintisini, 2026-cı ilin sonuna isə dəmir yolu infrastrukturunun təmiri və yenidən qurulmasını, həmçinin yeni dəmir yolu xətlərinin və stansiyalarının tikintisini təşkil edəcək.

İqtisadçı ekspert Emin Qəribli Trend-ə bildirib ki, Qarabağ və Şərqi Zəngəzur böyük nəqliyyat və tranzit potensialına malik bölgələrdən biridir.

“Qeyd edim ki, azad edilmiş ərazilərdən Asiyanı Avropa ilə birləşdirəcək beynəlxalq nəqliyyat dəhlizləri keçəcək. Artıq bu gün biz Zəngəzur dəhlizinə böyük marağı görürük. Şərqin Qərblə ölkəmizin ərazisindən birləşməsi nəqliyyat xərclərini azaldacaq və bu marşrutu daha da qısaldacaq. Beynəlxalq əhəmiyyətli infrastrukturun qurulması həm də Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesini sürətləndirəcək və regionda daha çox məşğulluğun təmin olunmasına şərait yaradacaq. Hava limanları, avtomobil və dəmir yolları kimi həyati əhəmiyyət kəsb edən obyektlərin tikintisi investisiyalar üçün əlavə əlverişli şərait yaradır. Zəngəzur dəhlizinin işləməsi bütün dünya iqtisadiyyatı, o cümlədən, Azərbaycan üçün çox vacibdir. İnanıram ki, keçmiş qaçqınların öz yurd-yuvalarına qayıtması, eləcə də bu regionun gələcək əhalisi üçün mühüm əhəmiyyət kəsb edən digər layihələrin həyata keçirilməsi onun tez bir zamanda işə salınmasına öz töhfəsini verəcək”, - deyə bildirib.

O qeyd edib ki, Qarabağ bölgəsi zəngin təbii sərvətlərə malikdir və bu baxımdan, işğaldan azad edilmiş ərazilərdə su elektrik stansiyalarının və digər infrastruktur obyektlərinin tikintisi istiqamətində işlər davam etdirilir.

“Bu gün Qarabağda “Böyük qayıdış” çərçivəsində həyata keçirilən bütün layihələr bu bölgədə gələcək yüksək məşğulluq səviyyəsindən danışmağa əsas verir”, - E.Qəribli deyib.

Qeyd etmək lazımdır ki, 2022-ci ilin birinci yarısında Azərbaycanın nəqliyyat xidmətlərindən əldə etdiyi gəlir 1,3 milyard dollar təşkil edib ki, bunun da 1,2 milyard dolları yükdaşımalardan əldə olunub.

Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərdə həyata keçirdiyi irimiqyaslı nəqliyyat infrastrukturunun tikintisi üzrə layihələr ölkəmizi beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirib, ticarət-iqtisadi fəallığın artırılması üçün yeni imkanlar açıb. Nəqliyyat şəbəkələrinin inkişafı təkcə Azərbaycan üçün deyil, həm də qonşu ölkələr üçün böyük iqtisadi artıma səbəb olacaq. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın yaratdığı nəqliyyat şəbəkəsi beynəlxalq ticarətin inkişafına və yeni təchizat zəncirinin yaradılmasına mühüm təsir göstərən digər marşrut və dəhlizlərlə sıx bağlıdır və onları tamamlayır. Bu kontekstdə Zəngəzur dəhlizinin rolunu qeyd etmək lazımdır ki, onun işə düşməsi ilə Çindən Avropaya yüklərin daşınması müddəti iki həftəyə qədər azalacaq, Azərbaycan üçün yeni bazarlar, o cümlədən Afrikaya tranzit açılacaq. Həmçinin, malların daşınması xərclərinin azaldılması gözlənilir.

Azərbaycan nəqliyyat infrastrukturuna, xüsusən də Qarabağda avtomobil və dəmir yollarına investisiya qoymağa davam edir və şimal nəqliyyat şəbəkələrini cənub və şərq şəbəkələri ilə birləşdirərək regionun tarixi əlaqəsini yenidən qurur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.