Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev: Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir (TAM ÇIXIŞ)
Manşet / Siyasət / 17-11-2022, 14:58

Prezident İlham Əliyev: Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir (TAM ÇIXIŞ)

Prezident İlham Əliyev: Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir (TAM ÇIXIŞ)


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

"Təşəkkür edirəm, çox sağ olun. İlk növbədə, gəldiyinizə görə təşəkkür edirəm. Mən bu səfəri yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu, gələcəkdə görməli olduğumuz işlərin düzgün qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Ümumiyyətlə, bildiyiniz kimi, Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın məzmunu olduqca genişdir. Biz müxtəlif sahələrdə - siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımızın səviyyəsindən çox məmnunuq. Əlbəttə, Şərq Tərəfdaşlığına gəldikdə, bu proqramın əvvəlindən Azərbaycan onu güclü şəkildə dəstəklədi və Zirvə görüşləri daxil olmaqla müxtəlif tədbirlərdə fəal iştirak etdi.

Hazırda isə sizinlə razıyam ki, onun müasirləşdirilməsinin və görülən işlərin nəzərdən keçirilməsinin vaxtıdır. Çünki bu proqramın yaradılmasından on ildən çox keçir və Şərq Tərəfdaşlığına üzv ölkələr öz seçimlərini ediblər. Bəziləri Assosiasiya Sazişini imzalayıb, digərləri Avrasiya İqtisadi İttifaqına üzv olub. Azərbaycan yeganə ölkədir ki, heç bir formata qoşulmayıb. İqtisadi göstəricilərimiz, siyasi və iqtisadi sabitlik və əlbəttə ki, ərazilərimizin azad olunması xarici siyasətimizin praqmatizm üzərində qurulduğunu və hədəfə hesablanmış olduğunu nümayiş etdirir. Başlıca hədəf isə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi və biz buna iki il əvvəl nail olduq.

Beləliklə, biz Şərq Tərəfdaşlığı ilə bağlı yeni imkanların nədən ibarət olduğunu nəzərdən keçirməliyik. Bizə gəldikdə, biz bu proqramı və bu platformanı üzv ölkələr arasında əməkdaşlıq deyil, Avropa İttifaqı ilə əməkdaşlığı gücləndirmək üçün əlavə imkan hesab edirik. Çünki Şərq Tərəfdaşlığına üzv olan digər beş ölkə ilə bizim fərqli münasibətlərimiz var. Bizə isə Avropa Komissiyası ilə əlavə əməkdaşlıq mexanizminin əldə edilməsi vacib idi. İndi isə sizin də qeyd etdiyiniz kimi, yeni geosiyasi şəraitdə bunu yenidən nəzərdən keçirmək lazımdır.

Bizə gəldikdə, biz, eyni zamanda, Avropa İttifaqına üzv olan dövlətlərlə ikitərəfli əsasda fəal işlədik. Üzv ölkələrin doqquzu ilə biz strateji tərəfdaşlıq haqqında bəyanat, yaxud saziş imzalayıb və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiridir. Hesab edirəm ki, Azərbaycan Şərq Tərəfdaşlığı qrupuna daxil olan nadir ölkədir ki, öz strateji hədəfinə həqiqətən nail olub. Beləliklə, bu, yaxşı platformadır və biz onu Avropa İttifaqı ilə sazişimizin müzakirəsi üçün təməl hesab edirik. Saziş üzərində iş uğurla, lakin ləng gedir. Uğurla gedir ona görə ki, sazişin bəndlərinin 90 faizi razılaşdırılıb. Ləng gedir ona görə ki, orada hər iki tərəfdən siyasi iradə tələb edən və necə deyərlər, ilişib qaldığımız məsələlər var. Azərbaycanda bununla bağlı müəyyən narahatlıqlar var, çünki bizim imzaladığımız və ya imzalamağı planlaşdırdığımız hər hansı saziş bizə və tərəfdaşlarımıza əlavə fayda verməlidir. Biz orta və ya uzunmüddətli perspektivdə iqtisadi çətinliklər yarada biləcək hər hansı bir sənədi imzalaya bilmərik. Yəni, ləngiməyə səbəb olan bəndlər iqtisadiyyat, ticarət və bəzi digərləridir. Mən prosesin sürətləndirilməsi ilə bağlı nümayəndə heyətimizə artıq təlimat vermişəm və hesab edirəm ki, sazişin yekunlaşdırılması üçün fürsət var. Zənnimcə bu, bizim əməkdaşlığımız üçün daha bir mühüm nailiyyət olacaqdır. Biz əlbəttə ki, enerji inkişafı və enerjinin şaxələndirilməsi layihələri haqqında da danışacağıq və müzakirələrin nədən ibarət olduğunu biləcəyik.

Siz Ermənistana səfərinizi və orada Ermənistan rəhbərliyindən sülh mesajı aldığınızı qeyd etdiniz. Biz işğalın davam etdiyi bütün illər ərzində bu mesajları eşitmişik. Lakin onlar səmimi deyildi. Biz də sülh arzulayırdıq, lakin torpaqlarımızı geri istəyirdik. Onlar isə torpaqları geri qaytarmadan sülh istəyirdilər. Fərq bunda idi. Beləliklə, biz münaqişəni güc yolu ilə, daha sonra isə siyasi vasitələrlə həll etməli olduq. Mən bu gün onların sülh haqqında danışmasını bir növ manipulyasiya hesab edirəm. Çünki onlar həqiqətən sülh arzulayırdılarsa, bizim təklifimizə cavab verərdilər. Müharibə başa çatdıqdan dərhal sonra sülh sazişi üzərində danışıqlara başlamağı təklif edən biz olmuşuq. Bu dünya tarixində nadir hallardandır ki, ərazisi uzun illərdir işğal altında olan, ədaləti güc yolu ilə bərpa edən, düşməni məğlub edərək torpağından qovan ölkə sülh təklif etsin. Biz Ermənistan tərəfindən ərazilərimizin dağıdılması və viran qoyulması, azərbaycanlıların əzab-əziyyət çəkməsinə baxmayaraq, sülh təklif etdik.

Biz məlum beş prinsipdən ibarət sülh və bir növ çərçivəni təklif etdik. Məhz biz delimitasiya komissiyasını yaratmağı təklif etdik. Məhz biz münasibətlərin normallaşdırılması üçün əsasları müəyyən etməyə çalışdıq. Ermənistan bu prosesin ilkin mərhələsində çox tərəddüd edirdi. İndi isə onlar sülh haqqında danışırlar, lakin biz onların anlamında sülhün nə olduğunu anlamırıq. Bununla belə, bizim mövqe çox aydındır. Bu, dəfələrlə ictimaiyyət qarşısında, o cümlədən mənim Avropa Komissiyasının rəhbərliyi və normallaşma prosesində iştirak etmiş, hazırda iştirak edən ölkələrin, yəni, Birləşmiş Ştatların və Rusiyanın liderləri ilə kontaktlarım zamanı qeyd olunub. Bizim iki yolumuz olmalıdır: Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması prosesi və həmçinin hüquqlar və təhlükəsizlik baxımından Azərbaycanda, Qarabağda erməni azlığına aid məsələlər.

Elə dünən dövlət katibi Blinken ilə mənim telefon danışığım olub. Biz bu haqda bir daha danışdıq. Biz tam anlayırıq ki, iki yol olmalıdır və onlar bir-birinə qarışmalı deyil. Lakin Ermənistandan gələn bəyanatlar çox ziddiyyətlidir. Onlar bizim ərazimizi və suverenliyimizi tanıdıqlarını söyləyirlər. Onlar bunu nəinki deyir, o cümlədən Praqada və Soçidə bunun altında imza da atırlar. Bu, bütün ərazimizin suverenliyi deməkdir. Hamımız suverenliyin nə olduğunu anlayırıq. Eyni zamanda, onlar Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəyirlər. Bu, olmayacaq. Bu, mümkün deyil. Biz buna razılıq verməyəcəyik. Buna görə bizə Ermənistan hökumətinin öz gündəliyi ilə bağlı tam aydın mövqeyi lazımdır. Mən bu yaxınlarda dedim ki, əgər onlar sülh istəsələr, biz də sülh istəyəcəyik. Əgər onlar sülh istəmirlərsə, onda bu, onların seçimidir. Otuz il bizdə sülh olmayıb və bunun sonunun necə olduğunu Ermənistan yaddan çıxarmamalıdır.

Bir sözlə, bir daha deyirəm ki, biz onların əməllərini sözlərlə deyil, addımlarla ölçməliyik. Çünki onların dedikləri sözlər etdikləri əməllər və ya planları ilə ziddiyyət təşkil edir. Bununla bağlı, bilmirəm, siz Ermənistan rəhbərliyindən birbaşa cavab almışınız, yoxsa yox. Mən şübhə edirəm, çünki onlar bu ikimənalılığı saxlamaq istəyir və bu isə heç də fayda gətirmir. Eyni zamanda, əgər bu ölkə sülh istəyirsə, onda o, çox təhlükəli ritorikadan əl çəkməlidir. Bu yaxınlarda Ermənistan rəsmiləri Azərbaycanı İŞİD və “Əl-Qaidə” ilə müqayisə etmişdilər. Fikrimcə, bu, çox təhlükəli ritorikadır. Birincisi, onların özləri İŞİD və “Əl-Qaidə” kimi hərəkət etmişdilər. Avropa İttifaqının səfirləri azad edilmiş ərazilərə baş çəkmişdilər. Ermənilər tarixi və dini irsə İŞİD və “Əl-Qaidə”nin eynilə etdiyi kimi yanaşmışdılar. Biz yox. Onlar. Onlar terror aktları törədiblər. Onlar soyqırımı törədiblər. Onlar bizim məscidləri uçurublar. Biz yox.

Lakin cənab Paşinyan bu sözləri istifadə edərkən bilməlidir ki, biz bunu eşidirik. O, bizim reaksiyamızın necə olacağı barədə düşünməlidir. Bir sözlə, məsələ asan deyil. Hesab edirəm, vacib odur ki, Ermənistan əslində istədiyini açıq şəkildə elan edir. Əgər onlar Qarabağda ermənilərin hüquqları və təhlükəsizliyi barədə söhbət aparmaq istəyirlərsə, bu, alınmayacaq. Biz bu haqda Qarabağda yaşayan ermənilərlə danışmağa hazırıq, amma Moskvanın göndərdiyi, ciblərində rus xalqından oğurladığı milyardlarla pula sahib Vardanyan kimi insanlarla yox. O, Moskvadan oraya çox aydın gündəliklə göndərilib. Biz Qarabağda yaşayan və orada yaşamaq istəyən insanlarla söhbətə hazırıq. Biz buna hazırıq. Yeri gəlmişkən, bu proses başlayıb. Əgər elə indicə qeyd etdiyim bəzi ölkələrdən, yəni, kənardan müdaxilə olmasa və həmin prosesi dayandırmaq cəhdləri edilməsə, onda hesab edirəm ki, proses daha dinamik gedə bilərdi. Lakin bunun Paşinyana və onun hökumətinə heç aidiyyəti yoxdur. Artıq söylədiyim kimi, Azərbaycan, Avropa İttifaqı, Birləşmiş Ştatlar və Rusiya arasında, yəni, Azərbaycanın bu işdə yardımçı ola bilən hesab etdiyi həmin ölkələr və qurum arasında konsensus olmalıdır".

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.