Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ölkədə qismən səfərbərliyin başa çatması barədə Vladimir Putinə məruzə edib.
Şoyqu bildirib ki, cümə günü qismən səfərbərliyə çağırılan vətəndaşların yola salınması başa çatıb.
Bundan sonra hərbi komissarlıqlar yalnız könüllüləri və müqaviləli xidmətə namizədləri qəbul etməklə xidmətə qəbulu davam etdirəcəklər. Rusiya MN başçısının qeyd etdiyi kimi, qarşıya qoyulan 300 min nəfərlik tapşırıq yerinə yetirilib, başqa səfərbərlik tapşırıqları nəzərdə tutulmayıb.
Şoyqu qeyd edib ki, səfərbər olunanların xüsusi əməliyyat zonasına göndərilməzdən əvvəl hazırlığına xüsusi diqqət yetirilir.
“82 min əsgər artıq cəbhəyə göndərilib. 218 min nəfər isə poliqonlarda təlim keçir”, - Şoyqu əlavə edib.