Ermənistan silahlı qüvvələri tərəfindən bu ilin sentyabrında dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Turan Məhərrəmovun şəhadətə yüksəlməsindən 40 gün ötür. Bu münasibətlə şəhidin doğulduğu Zaqatala rayonunun Qımır kəndində anım mərasimi keçirilib.
Bu barədə Zaqatala Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, şəhidin qırx mərasimi ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, YAP rayon təşkilatının, rayon Heydər Əliyev Mərkəzinin rəhbər və əməkdaşları, döyüş yoldaşları, şəhid anaları, ictimaiyyət nümayəndələri, təhsil işçiləri, məktəblilər onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıb, ruhuna dualar oxuyublar.
Sonra şəhidin xatirəsinə inşa edilmiş bulağın açılışı olub.
Mərasimdə 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən, şəhid Turan Məhərrəmovun döyüş yolundan söz açılıb.
Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.