20 oktyabr 2022 ci ildə Cəbrayıl şəhərində təkbətək görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata birgə bəyanatlarla çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanını açmalarını bütün xalqımız böyük sevinc və qürurla izlədi. Zəngilanın erməni işğalından azad edildiyi gündə belə bir iri miqyaslı regional layihənin reallaşması iki qardaş ölkənin dünyaya verdiyi növbəti mesaj idi. Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana necə siyasi və mənəvi dəstək göstərmişdisə, bu gün də quruculuq işlərində, digər bütün məsələlərdə onun yanındadır.
Dövlət başçıları bir sıra digər obyektlərin də təməlini qoydular, müəssisələrin açılışında iştirak etdilər. Bütün bunlar onu göstərir ki, Azərbaycanla Türkiyənin birgə səyləri ilə bölgənin geosiyasi mənzərəsini dəyişən və ona yeni məzmun gətirən layihələr planlı şəkildə və əzmlə həyata keçirilir.
Zəngilan Hava Limanının açılışı ölkəmizin həyatında çox əlamətdar hadisədir. Hava limanının açılışı Qarabağ və Şərqi Zəngəzur üçün çox önəmli hadisədir. Azərbaycan Ordusu 2 il bundan əvvəl Zəngilan şəhərini azad etdi və məhz belə bir gündə Türkiyə Prezidentinin Azərbaycanda, Zəngilanda və Cəbrayılda olması xüsusi məna daşıyır.
Şanlı tarix bizim müştərək tariximizdir. İkinci Qarabağ savaşının ilk saatlarından Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana dəstək ifadə etdi. Bildirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam edirdi. Bu gün bərpa edilən Qarabağda və Zəngəzurda yenə də Türkiyə-Azərbaycan birliyi görünür. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, o cümlədən bölgənin birinci özəl sərmayəsi olan “Dost Aqropark” da qeyd olunmalıdır.
Xalqlarımızın və dövlətlərimizin dostluğu və qardaşlığı bizim ən böyük sərvətimiz və güc mənbəyimizdir.
Zəngilandan dünyaya verilən bir mesaj da ondan ibarət idi ki, möhtərəm cənab Prezidentin dediyi kimi, biz öz torpaqlarımıza əbədi qayıtmışıq, vandalların viran qoyduğu Qarabağı və Şərqi Zəngəzuru çiçəklənən diyarlara çevirəcəyik. Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi və həyata keçirilən digər quruculuq işləri məhz bu məqsədə yönəlmişdir.
Türkiyə son illər böyük uğurlu yol keçib, dünya çapında güc mərkəzinə çevrilib. Türkiyədəki sabitlik, inkişaf göz qabağındadır. Bu gün dünyanın bir çox ölkələrində böhran yaşanır, ölkələr idarəolunmaz vəziyyətə düşür, iqtisadi çətinliklər, sıxıntılar insanların haqlı etirazına səbəb olur. Türkiyə isə inamla irəliləyir, nəhəng layihələr gerçəkləşdirir, bölgədə söz sahibidir, dünyada önəmli güc mərkəzidir. Hər kəs bununla hesablaşmalıdır. İkinci Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan qardaşlığı, birliyi daha da yüksək pilləyə qalxıb. Azərbaycan və Türkiyə bayraqları bir yerdə dalğalanır. Bu, ürəkdən gələn duyğulardır, bu, əcdadlarımızdan qalan mirasdır, onların vəsiyyətidir və bu, zəmanəmizin tələbidir.
Cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bölgəyə hər səfərlərində olduğu kimi, bu dəfə də Füzulidə, Cəbrayılda, Qubadlıda və Zəngilanda bir sıra infrastruktur obyektlərinin və yaşayış binalarının təməlini qoydular. Hesab edirəm ki, geniş vüsət alan bu bərpa-quruculuq işləri Böyük Qayıdışın getdikcə daha yaxından eşidilən addım səsləridir. Biz əminik ki, bölgənin iqtisadi dirçəlişi ilə
bağlı olan layihələrin hamısı uğurla başa çatdırılacaq. Köçkünlük həyatı yaşayan soydaşlarımızın yurd həsrətinə son qoyulacağı gün uzaqda deyil.