14 oktyabr 2022 ci ildə Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi.
Prezident İlham Əliyev Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış edib. Dövlət başçısı bildirib ki, 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Azərbaycan münaqişəni özü həll edib. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib.
Mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb.
Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Məhz Rusiya tərəfi atəşkəs təklifi ilə çıxış etdi, bəziləri bunu başqa ölkələrə aid edirlər ki, bu da tamamilə əsassızdır. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar dayandırıldı.
Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Biz özünümüdafiə hüququndan istifadə edərək, ərazi bütövlüyümüzü güc hesabına bərpa etdik.
Sonra MDB Dövlət Başçıları Şurasının iclası işini geniş tərkibdə davam etdirdi.
İclasda çıxış edən MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev MDB Dövlət Başçıları Şurasına sədrliyin Qırğızıstana keçdiyini bildirdi.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Mir” Teleradio Şurasının sədri Radik Batırşini MDB-nin diplomu ilə təltif etdi.
İclasda MDB-nin icraçı katibi vəzifəsinin adı dəyişdirilərək baş katib adlandırıldı. MDB İcraiyyə Komitəsinin sədri–icraçı katibi Sergey Lebedev baş katib vəzifəsinə seçildi.
Daha sonra sənədlər imzalandı.
Bununla da Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası başa çatdı.