Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən müharibəsi şəhidləri Tural Zeynalov, Telman Abışov və Fuad Nəcəfovun xatirəsinə həsr edilən anım mərasimləri keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən xəbər verilib.
Mərasimlərdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidlərin ailə üzvləri, dostları, döyüş yoldaşları, eləcə də Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.