Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində muxtar respublika Fövqəlаdə Hаllаr Nаzirliyi tərəfindən 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıqla bağlı tədbir keçirilib.
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, rabitə və yeni texnologiyalar nazirinin müavini Həbib Novruzov tədbirdə çıxış edərək bildirib ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Rabitə və Yeni Texnologiyalar Nazirliyinə vətəndaşlara fasiləsiz rabitə və internet xidmətlərinin göstərilməsinin təmin edilməsi, mal-material ehtiyatının yaradılması barədə tapşırıqlar verilib. Verilmiş tapşırıqların icrası ilə bağlı nazirlik tərəfindən qarşıda duran vəzifələr müəyyənləşdirilib, müvafiq Tədbirlər Planı hazırlanıb.
Rabitə və Yeni Texnologiyalar Nazirliyinin Əməyin mühafizəsi və mülki-müdafiə işləri üzrə məsləhətçisi Hidayət Əlizadə payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr, eləcə də mülki-müdafiə sahəsində nazirlik tərəfindən görülmüş işlərlə bağlı məlumat verib. Vurğulanıb ki, muxtar respublika əhalisinə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsi məqsədilə mal-material ehtiyatının yaradılması, rabitə mütəxəssislərinin mövsümə uyğun geyimlə təmin olunması diqqətdə saxlanılır. Onların zəruri avadanlıqlarla təmin edilməsi istiqamətində işlər davam etdirilir. Bunlarla yanaşı, avtomat telefon stansiyalarında istismar olunan qurğulara, o cümlədən generatorlara və akkumulyatorlara texniki baxış keçirilir, aşkar olunan çatışmazlıqlar qısa müddət ərzində aradan qaldırılır. Həmçinin, rayon (şəhər) rabitə idarələri tərəfindən yerlərdə rabitə xətt təsərrüfatının vəziyyəti təhlil edilir, yararsız kabel və rabitə dirəkləri yeniləri ilə əvəz olunur.
Qeyd edilib ki, avtomat telefon stansiyalarının fasiləsiz fəaliyyəti üçün müvafiq yanacaq ehtiyatının yaradılması da diqqət mərkəzində saxlanılır. Qazanxana və istilik sistemləri üzrə yeni ixtisaslı kadrların hazırlanması üçün müvafiq peşə kurslarında onların iştirakı təmin edilib, peşə kursu keçmiş və sertifikat almış ocaqçıların işlə təmin olunması nəzərdə tutulub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili şöbəsinin əhalinin mülki müdafiəyə və fövqəladə hallara hazırlıq bölməsinin rəisi mayor Vüqar Məmmədov tədbir iştirakçılarına nazirlikdə və tabeli qurumlarında mülki müdafiə işinin etibarlı təşkili, muxtar respublika ərazisində ehtimal olunan təbii və texnogen xarakterli fövqəladə hadisələr və bu zaman davranış qaydalarından danışıb.
Sonra Fövqəlаdə Hаllаr Nаzirliyinin əməkdaşları Hasil Məmmədov, Etibar Məmmədov və Əbülfəz Qafarov tərəfindən fərdi yaşayış evlərində qaz və elektrik cihazlarından düzgün istifadə qaydaları, ilkin yanğınsöndürmə vasitələrinin istismarı və istifadə qaydaları, həmçinin dəm qazının yaranma səbəbləri və ondan mühafizə üsulları barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, tədbirə aid slayd və videomateriallar təqdim edilib.