Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyevin Bolqarıstana səfəri tarixi əhəmiyyət kəsb edir
Manşet / Siyasət / 4-10-2022, 17:30

Prezident İlham Əliyevin Bolqarıstana səfəri tarixi əhəmiyyət kəsb edir

 Prezident İlham Əliyevin Bolqarıstana səfəri tarixi əhəmiyyət kəsb edir

Bu gün Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və etibarlı tərəfdaş imicini gücləndirməkdədir. Azərbaycan, həmçinin, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu baxımdan, Prezident İlham Əliyevin Bolqarıstana səfəri və paytaxt Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində iştirakı mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyevin Bolqarstana səfəri tarixi əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr bir daha onu göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqımızın milli maraqlarına uyğun müstəqil siyasət yürütməklə, eyni zamanda, ölkəmizin inkişafı və tərəqqisi naminə çox mühüm addımlar atır.
Qeyd edək ki, Bolqarıstan Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. Diplomatik münasibətlər isə həmin ilin iyununda yaradılıb. 1999-cu ilin dekabrında Bolqarıstanın Azərbaycanda, 2005-ci ilin fevralında isə Azərbaycanın Bolqarıstanda səfirliyi fəaliyyətə başlayıb. İki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynamışdır. Ölkələrin əməkdaşlıq münasibətləri Azərbaycan Prezidenti Heydər Əliyevin 1995-ci il iyunun 29-30-da Bolqarıstan Prezidenti Jelyu Jelyevin dəvəti ilə həmin ölkəyə rəsmi səfərindən sonra daha da genişlənmişdir. Heydər Əliyev və Jelyu Jelyev bir çox sahələrdə əlaqələrin yaradılmasını nəzərdə tutan dostluq və əməkdaşlıq haqqında müqavilə imzalamışlar. Ümumilikdə isə həmin səfər zamanı iki dövlət arasında ticarət-iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında, dostluq münasibətləri haqqında və digər saziş və müqavilələr imzalanmışdır. Bolqarıstan tərəfdən ilk dəfə Bolqarıstan Respublikasının Prezidenti Pyotr Stoyanov 2-3 dekabr tarixlərində Azərbaycana rəsmi səfər etmişdir. Azərbaycan Prezidenti İlham Əliyev 2005-ci ilin sentyabrında ilk dəfə Bolqarıstana rəsmi səfərə getmişdir. İki ölkə prezidentinin təkbətək görüşündə Azərbaycan Prezidenti İlham Əliyev regional və beynəlxalq çərçivədə Bolqarıstanla əməkdaşlığın, o cümlədən iqtisadi əlaqələrin yüksək səviyyəyə çatdırılması üçün potensial imkanların olduğunu bildirmişdir. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsində, əlaqələrin yeni mərhələyə qədəm qoymasında Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci ilin mart ayında Bolqarıstana rəsmi səfəri böyük rol oynamışdır. Sofiyada geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rosen Plevneliyev "Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" imzalamışdılar. Bu vaxta qədər iki ölkə arasında çoxlu sayda sənəd imzalanmış, bu sənədlər qarşılıqlı əməkdaşlığın inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Heydər Əliyev Fondunun dostluq münasibətlərinin inkişafı üçün fəaliyyəti xüsusi qeyd olunmalıdır. Bu Fondun Bolqarıstanın qədim paytaxtı Veliko Tırnovo şəhərindəki "Trapezitsa" tarixi kompleksinin bərpasına və inkişafına verdiyi töhfə mədəniyyət sahəsində yüksək əməkdaşlıq əlaqələrinin nümunəsidir. İki ölkə arasında energetika sahəsində əməkdaşlıq strateji səviyyəyə yüksəlmişdir. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir ki, onlardan biri də Bolqarıstandır. "Şahdəniz" yatağından qaz artıq Avropa ölkələrinə çatdırılır. Bolqarıstana ildə 1 milyard kubmetr həcmində qazın təchizatı nəzərdə tutulmuşdur. "Cənab Əliyevin bu rəsmi səfərinin ikiqat rəmzi var", - deyən Bolqarıstan Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxışı zamanı bu il diplomatik münasibətlərimizin 30 illiyini qeyd etdiyimizi xüsusilə diqqətə çatdırmışdır. Bolqarıstan prezidenti bildirmişdir ki, bu səfər çərçivəsində oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı mühüm hadisədir. Bu strateji layihə həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox önəmli layihədir: "Bu interkonnektor bizə ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii ki, Avropanın enerji xəritəsini dəyişdirəcək. Bu, elə bir infrastruktur layihəsidir ki, biz təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyik. Həmin bu layihə vasitəsilə biz strateji tərəfdaşlığımızı bir daha təsdiq edirik". Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşüb. Tədbirdə Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələri tərəfindən Azərbaycan Prezidentinə avtomobil, qida, enerji, peyk, pilotsuz uçuş aparatları, kommunikasiya, rəqəmsal inkişaf, İKT, tibb, kimya sənayesi ilə bağlı olan layihələr barədə təqdimatlar edilib. Bəzi şirkətlərin nümayəndələri artıq Azərbaycan şirkətləri ilə əməkdaşlıq etdiklərini bildiriblər. Həmçinin, Ələt Azad İqtisadi Zonasında və digər sənaye zonalarında Azərbaycan şirkətləri ilə birgə fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd ediblər. Nəqliyyat sahəsinin inkişafı hər iki ölkə üçün prioritet təşkil edir. Bu mənada, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı hər iki ölkə üçün böyük tarixi əhəmiyyət daşıyır. Bu layihənin həyata keçirilməsi Bolqarıstanın Azərbaycan tərəfdən Avropa İttifaqı bazarına giriş, Azərbaycanın isə Bolqarıstan üçün Mərkəzi Asiya regionuna çıxış imkanı kimi rolunu daha da artırmışdır. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirlər. Əlbəttə ki, parlamentlərarası əməkdaşlıq da əlaqələrimizin genişlənməsində mühüm rola malikdir. Hazırda siyasi, iqtisadi, elmi, texniki və mədəni əlaqələr istiqamətində münasibətlər sürətlə və uğurla inkişaf etməkdədir. Artıq yeddi ildir ki, bir-birini strateji tərəfdaş hesab edən ölkələrimiz arasında sıx əməkdaşlığın uğurlu nəticələri müşahidə olunmaqdadır. Bu il ticarət dövriyyəsi iki dəfədən çox artıb. Azərbaycan Bolqarıstan üçün qaz təchizatçısına çevrilib. Azərbaycan qazı artıq Bolqarıstandadır. Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Azərbaycan əlindən gələni edirik ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin. Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır. Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaqdır. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir. Enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunacaqdır. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır - dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın.İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.