Xəbər lenti
Dəmir yumruq » Manşet » 27 Sentyabr - Anım Günüdür”
Manşet / Cəmiyyət / 26-09-2022, 11:48

27 Sentyabr - Anım Günüdür”

 27 Sentyabr - Anım Günüdür”


Vətən üçün yaşanılan ömürlər unudulmur...
Şəhidlər unudulmur...
Şəhidləri unutmuruq...

Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. Bu illər ərzində bir çox tarixi hadisələr baş verir. Bəzi tarixi hadisələr müəyyən dövrdən sonra yaddan çıxır, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. Qərinələr ötsə belə, nəsillər bir-birini əvəz etsə belə öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar. Uca Yaradanın, Vətənin, millətin yolunda şüurlu surətdə canlarını fəda edənlər hər zaman hörmətə layiqdirlər.

Hər birimizin qəlbində müqəddəs bir hiss – Vətənə olan məhəbbət hissi yaşayır. Vətən sevgisi insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır. Hər bir kəs bu dünyaya göz açdığı anda ilk olaraq anasını görürsə, ilk qədəmlərini Vətən torpağında atır və torpaq sevgisinin hərarətini də bu zaman duyur.
Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələr Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.
Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətmişdir.
Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olmuş, yüz nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş, min nəfərdən artıq hərbi qulluqçumuz yaralanaraq sağlamlığını itirmişdir. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Bu hərarət zaman keçdikcə o qədər artır ki, insan bir an belə Vətənsiz yaşaya bilmir. Bu amal uğrunda gözünü qırpmadan, ölümün gözünə dik baxan oğul və qızlarımızı yad etmək, xatirəsini əziz tutmaq isə hər birimizin ən müqəddəs borcudur. Bu gün şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Gənc nəsilə qürur yerimiz olan şəhidlərimizi tanıtmaq, onları vətənpərvər ruhda böyütmək, torpağına bağlı, millətinə hörmət hissi ilə tərbiyə etmək isə hər bir vətəndaşın ən ümdə vəzifəsidir.
Bugünümüzün reallıqları bir daha təsdiqləyir ki, Azərbaycan Ordusu 44 günlük İkinci Qarabağ müharibəsində qazandığı şanlı Qələbə ilə kifayətlənməyərək daha da möhkəmlənməyə, qüdrətlənməyə, döyüş qabilyyətini artırmağa, maddi-texniki bazasını gücləndirməyə səy göstərir. Bu, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prioritetləri açıqlayarkən qarşıya qoyduğu əsas hədəflərdəndir. Azərbaycan ordusu ərazi bütövlüyümüzə, süverenliyimizə qarşı yönələn bütün addımların qarşısını qətiyyətlə alır və alacaq. “Dəmir yumruğ”un davamı olan “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları bunun təsdiqidir.

Tarixi keçmişə nəzər salsaq görərik ki, bütün müharibələr dağıntılar, insan ölümləri və faciələrlə müşayiət olunur. Təəsüflər olsun ki, müharibə itkisiz olmur və azadlıq qurbanlar tələb edir. Elə buna görə də Azərbaycanın mərd oğulları torpaqlarımızın azadlığı üçün, Vətənimizin illərdir düşmən tapdağından xilas olması üçün canından keçdilər. Məhz onların canları, qanları hesabına Azərbaycanın əzəli torpaqları bərpa edildi.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.