Sentyabrın 24-də Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə keçirilən “Enerji və Dördüncü Sənaye İnqilabı” hakaton müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
SOCAR-dan bAzərbaycanda, xüsusilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi, bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi üçün innovativ ideyalara dəstək vermək məqsədilə təşkil olunan müsabiqə “enerji və əşyaların interneti”, “enerji və süni intellekt”, “enerji və rəqəmsal iqtisadiyyat” mövzularını əhatə edib.
Tədbirin əvvəlində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısını alarkən şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra “Enerji və Dördüncü Sənaye İnqilabı” hakatonu ilə bağlı video təqdimat nümayiş olunub.
Mükafatlandırma mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov hakatonun istedadlı gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, innovativ ideyalarının təqdim olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Yarışda innovativ düşüncələrə sahib gənclərin maraqlı layihələr təqdim etdiklərini diqqətə çatdıran Elmar Qasımov müsabiqənin həm yeni dostluqların yaranması, həm də bilik mübadiləsi üçün əlverişli mühit yaratdığını bildirib.
SOCAR-ın prezidenti Rövşən Nəcəf müsabiqənin qaliblərini təbrik edərək hakatonun mövzusunun ölkəmizin strateji hədəfləri istiqamətində müəyyənləşdirildiyini, bu xüsusda Azərbaycanda yeni və innovativ ideyaların formalaşmasına, bərpa olunan enerji mənbələrinin inkişafına, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsinə dəstək olmaq məqsədi daşıdığını bildirib. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsinin dövlət başçısının müəyyənləşdirdiyi müasir inkişaf strategiyasının əsas tərkib hissəsi olduğunu vurğulayan SOCAR prezidenti, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerji resurslarının tətbiqi ilə regionda kiçik və orta biznes subyektlərinin inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə və regionun enerji təhlükəsizliyinin gücləndirilməsinə dəyərli töhfə veriləcəyini söyləyib. SOCAR-ın enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi strateji təşəbbüslərindən bəhs edən Rövşən Nəcəf, alternativ enerji mənbələri, data analitika, süni zəka əsaslı qərarvermə, əşyaların interneti kimi sahələrdə gənclərin uğurlu çıxışından məmnunluğunu ifadə edib.
4SİM-in icraçı direktoru Tamerlan Tağıyev gənclərin layihəyə olan böyük marağını vurğulayaraq müsabiqənin əhəmiyyəti barədə danışıb. Qlobal iqtisadiyyatda Dördüncü Sənaye İnqilabının və rəqəmsallaşmanın diktəedici və həlledici rolundan bəhs edən 4SİM-in icraçı direktoru bu prosesdə Azərbaycanın mövqeyinin gücləndirilməsinin və aparıcı ölkələr sırasında yer almasının qarşıda duran məqsədlərdən olduğunu bildirib.
Tamerlan Tağıyev innovativ ideyalara malik istedadlı gənclərə dəstək olmaq, ölkəmizdə rəqəmsal bilik və bacarıqları, həmçinin innovasiya ekosistemini inkişaf etdirmək üçün belə layihələrin gələcəkdə də keçirilməsinin planlaşdırıldığını qeyd edib.
Çıxışlardan sonra münsiflərə, mentorlara, könüllülərə və tədbirin təşkilatçılarına təşəkkürnamələr təqdim edilib. “Ən kreativ komanda” və “Ən əzmkar komanda” nominasiyaları üzrə həvəsləndirici mükafatlara “Outliers” və “DataMass” komandaları layiq görülüblər.
Daha sonra üçüncü, ikinci və birinci yerin qalibləri elan olunub. “Hydroponics” komandası birinci, “Zəngəzur” komandası ikinci, “Generation Z” komandası isə üçüncü yerin qalibi olub. Komandalara mükafatları SOCAR-ın prezidenti Rövşən Nəcəf, 4SİM-in icraçı direktoru Tamerlan Tağıyev və BANM-in rektoru Elmar Qasımov təqdim ediblər.