Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısından əvvəl qeyri-rəsmi şəkildə yayılan Putinə sui-qəsd xəbəri, Ermənistanın Azərbaycana qarşı sərhəd təxribatı və toplantı zamanı Qırğızıstanla Tacikistan arasında toqquşmalar sözügedən coğrafiyada Rusiyaya qarşı yeni cəbhələrin açılması haqqında müzakirələrin artmasına səbəb olub.
Bu sözləri mətbuata Rusiyada qismən səfərbərliyin elan edilməsini şərh edən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QafqazSAM) rəhbəri, professor Həsən Oqtay deyib.
Professorun sözlərinə görə, Rusiyada səfərbərlik qərarı çevriliş cəhdinin və digər proseslərin qarşısını almaq üçün verilib:
“Ukraynanın cəbhədə davamlı irəliləməsi artıq göz önündədir. Putinin Donbas və Xersonda referendum keçirməsi qərarına qarşı artıq dünyadan ciddi etirazlar gəlməyə başlayıb. Qarşıdakı günlərdə Avropada başlayan enerji böhranı köhnə qitə ilə Rusiya arasında rəqabəti ciddi mənada müharibəyə çevrə bilər. Ona görə Putin bu və daxili çevriliş cəhdinə qarşı qismən səfərbərlik elan etdi. Fikrimcə, xalq etirazları, mitinqlər daha da genişlənərək davam edəcək. İran və Rusiyadakı hadisələri Qərbin ŞƏT-ə qarşı əməliyyatı kimi də dəyərləndirmək olar. Türkiyə isə hadisələri yaxından izləməli, lakin qarışmamalıdır. Çünki Rusiya, İran və Çində ciddi mənada sistem dəyişikliyi olacaq və Ankara sözügedən prosesin meydana gətirəcəyi yeni bir türk dünyası modelinə hazırlıqlı olmalıdır”, - Oqtay bildirib.
Professor qeyd edib ki, Rusiya Cənubi Qafqazda özünə qarşı ikinci cəbhə açılmasın deyə, Ermənistanın son sərhəd təxribatından sonra Türkiyə ilə sərhəddə olduğu kimi, Azərbaycanla da sərhədə də öz əsgərlərini yerləşdirmək üçün İrəvana təzyiq göstərəcək.