Son günlər yeni dərs ilinə hazırlaşan və məktəbə gedəcək övladlarına hələ də forma ala bilməyən valideynlər Bakı Tikiş Evinin (BTE) satış mağazasında izdiham yaradırlar. Valideynlər forma tapmaqda çətinlik yaşadıqlarını deyirlər. İzdihama əsas səbəb olaraq da məktəb direktorlarının valideynlərdən məktəbli forması tələb etməsi qeyd edilir.
Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran "Bakı Tikiş Evi" ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, bir tikiş fabrikinin Bakıdakı bütün şagirdlər üçün məktəbli forması istehsal edə bilməsi qeyri-mümkündür.
“Biz özəl müəssisəyik. Əsas işimiz hərbi paltarların tikilməsidir. Ona görə də biz bütün işimizi atıb, yalnız məktəbli forması istehsal edə bilmərik. Bu barədə heç bir məsuliyyətimiz yoxdur. Nə Elm və Təhsil Nazirliyi, nə də Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) bizə tapşırıq verib, müqavilə bağlamayıb”, – deyə o əlavə edib.
Elm və Təhsil Nazirliyindən isə Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2022-2023-cü tədris ilində yeni məktəbli formalarının tətbiqi ilə bağlı hər hansı məcburiyyət yoxdur.
“Şagirdlər ötənilki formaları ilə məktəbə gələ bilərlər. Bununla bağlı, məktəb direktorlarına şagirdlərdən məktəbli forması tələb etməmələrinə dair müvafiq tapşırıq verilib.
Valideynlər məktəbli formaları ilə bağlı hər hansı sual və ya problem olduğu halda Elm və Təhsil Nazirliyinin 146-6, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin isə 146-1 "Çağrı Mərkəzi" ilə əlaqə yarada bilərlər”, - deyə bildirilib.
Trend-in sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə (BŞTİ) qeyd edilib ki, məktəb rəhbərlərinin yeni məktəbli formalarının alınması ilə bağlı şagirdlər və ya valideynlər qarşısında hər hansı ciddi tələb qoyması yolverilməzdir.
“Yeni dərs ili üçün valideynlər yalnız könüllülük əsasında övladlarına yeni məktəbli formaları ala bilərlər. Yeni məktəbli forması almayan şagirdlər isə məktəbə əvvəlki məktəbli geyimində və ya sadəcə ağ köynək, qara (tünd göy) şalvarda (ətəkdə) gələ bilərlər”, - deyə bildirilib.
Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu il təkcə 1-ci siniflərə 158 mindən çox şagird gedəcək. Onların yeni məktəbli forması ilə getməsi əsasdır.
"Yeni məktəbli formalarının tətbiqi zəruridir. Çünki əvvəlki formalarla müqayisədə yeni forma daha rahatdır və tədrisin təşkilində vizual baxımdan müsbət təsir göstərəcək. Lakin Bakı Tikiş Evi tədrisin başlamasına az müddət qaldığı bir vaxtda formaları satışa çıxarıb. Bu problemi 6-7 ay öncədən həll etmək lazım idi. Çünki heç bir halda Bakı Tikiş Evi bütün şagirdlər üçün forma tikib satışa çıxara bilməzdi. Eyni zamanda, məktəblər formaların fərqli rəng və dizyanından istifadə edəcək.
Yeni məktəbli formaları məcburi deyil. Lakin valideynlərin bəziləri yeni forma alacaq, bəziləri əvvəlki formalardan istifadə edəcək və beləliklə, sinifdə fərqli bir mənzərə yaranacaq. Hazırda yaranan izdihamın səbəbi yeni tədris ilinin başlanmasında öhdəliklərin yerinə yetirilməməsidir. Bu tədris ilinin gedişinə də mənfi təsir göstərəcək. Çünki nazirlik və digər təhsil qurumları məktəbli formalarının məcburi olmadığını deyir, lakin məktəb direktorları forma ilə gəlməyi tələb edir. Bu da ciddi fikir ayrılıqları olduğunu göstərir", – deyə ekspert qeyd edib.