2021-ci il avqustun 18-də Azərbaycan Dillər Universiteti (ADU) ilə "F + U" Dillər Akademiyası (Heidelberg, Almaniya) və İSBA Almaniya Kooperativ Təhsil Universitetinin Beynəlxalq biznes idarəçiliyi fakültəsi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Sənədi Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və "F + U" Dillər Akademiyasının rəhbəri cənab Karl-Heinz-Rippel imzalayıblar. Əməkdaşlıq müqaviləsinin əsas məqsədi "Foundation Work & Study Germany" virtual hazırlıq proqramını həyata keçirmək, alman təhsil sisteminə inteqrasiya olunmuş azərbaycanlı tələbələrin ixtisaslarını artırmaq, məlumat mübadiləsi aparmaq, regional və beynəlxalq əlaqələrə nail olmaq üçün tərəflərin hər birinin peşəkar imkanlarını genişləndirmək, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafının gücləndirilməsi üçün səyləri birləşdirməkdir. Bu əməkdaşlıq həm tələbələr, həm də məzunlar üçün iş imkanları yaradır.
Müqavilənin şərtlərinə əsasən dekabrın 6-da Azərbaycan Dillər Universitetində ölkəmizin müxtəlif orta məktəblərinin 11-ci sinfində təhsil alan məktəblilər üçün hazırlıq kursu fəaliyyətə başlayıb. 2022-ci ilin 25 avqust tarixində isə kurs öz işini başa çatdırıb. Kursda iştirak edən üç məktəbli yazılı və şifahi olmaqla dörd dəfə imtahan veriblər. İmtahanlara "F+U" Akademiyası və İSBA Almaniya Kooperativ Təhsil Universitetindən onlayn olaraq professorlar və ADU-nun Xarici dillər kafedrasının müdiri, dosent Aida Sobor və Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dosenti Qönçə Əbdülrəhimova nəzarət ediblər.
Məktəblilər imtahanlarda alman dili üzrə yüksək nəticə göstəriblər. İmtahanlardan uğurla keçən məktəblilər İSBA Almaniya Kooperativ Təhsil Universitetinin Beynəlxalq biznes idarəçiliyi fakültəsinə qəbul olunublar. Onlar eyni zamanda Almaniyada işlə təmin olunublar.
İkitərəfli müqaviləyə əsasən növbəti hazırlıq kursu 2023-cü ildə yenidən fəaliyyətə başlayacaq. Qeyd edək ki, qəbul üçün B1 səviyyəsində alman dili tələb olunur.
Müraciət üçün 050-330-48-42, 012-564-22-47 telefon nömrələri və
[email protected] emaili ilə əlaqə saxlaya bilərlər.