Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev Saray qəsəbəsində yeni inşa edilən 2 saylı məktəbdə yaradılan şəraitlə tanış olub
Manşet / Siyasət / 11-09-2022, 08:02

Prezident İlham Əliyev Saray qəsəbəsində yeni inşa edilən 2 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Prezident İlham Əliyev Saray qəsəbəsində yeni inşa edilən 2 saylı məktəbdə yaradılan şəraitlə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Saray qəsəbəsində yeni inşa edilən 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.
Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verdi.

Bildirildi ki, 1963-cü ildə inşa edilən təhsil ocağı 550 şagird yerlik olmaqla fəaliyyət göstərib. Ərazidə əhalinin sayının artması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikilməsi zərurətə çevrilib. Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nə əsasən bu məktəbin yenidən inşası da həyata keçirilib. Həmin proqram əsasında 2021-ci ilin yanvarında Saray qəsəbəsində 2000 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb. Ən müasir və dünya standartlarına uyğun tikilən məktəbin sahəsi 21 min kvadratmetrdir. Yenidən tikilən məktəbdə 70 sinif otağı, 6 laboratoriya, 5 informatika, çağırışaqədərki hərbi hazırlıq kabineti, musiqi, təsviri incəsənət, texnologiya otaqları, həmçinin kitabxana, akt və iki idman zalı, yeməkxana var. Ən müasir avadanlıqla təchiz olunan binada tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şərait yaradılıb. Təhsil ocağında məktəbəqədər iki kabinet də fəaliyyət göstərəcək. Ümumtəhsil müəssisəsində STEAM mərkəzi də qurulub.

Dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış oldu.

STEAM mərkəzi elektron lövhə, kompüter, 3D printer, müvafiq öyrədici qurğular, elektron komponentlər, dəftərxana ləvazimatları ilə təmin olunub. Burada, həmçinin mühəndis emalatxanası, dron uçuş otağı, təlim, robototexnika otaqları var.

Saray qəsəbəsindəki 2 saylı tam orta məktəbin ən müasir standartlara cavab verən yeni binasının inşası bir daha təsdiqləyir ki, təhsil islahatları Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində uğurla davam edir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.