Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
Fərmanla Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilir:
- 3.1-ci bənddə “Zəngilan rayonuna” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına” sözləri ilə əvəz edilsin.
- Həmin Fərmanla təsdiq edilmiş “Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi”nin 1.1-ci bəndində “Zəngilan rayonuna” sözləri “Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına” sözləri ilə əvəz edilsin.
Qeyd edək ki, 3.1-ci bəndə əsasən, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti (bundan sonra – Xidmət) Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Yeni dəyişiklikdən sonra Cəbrayıl və Qubadlı rayonları da sözügedən publik hüquqi şəxsin fəaliyyət dairəsinə daxil olur.