COVID-19 yoluxub sağalanlarda bəzən qan xəstəlikləri ortaya çıxır. Belə ki, tromboz keçirmiş insanlarda müvafiq orqan disfunksiyası yaranır. Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təhməz Həziyev deyib.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təhməz Həziyevin müsahibəsini təqdim edir.
- Təhməz müəllim, koronavirus qan azlığından əziyyət çəkənlərə necə təsir edir?
- Qeyd edim ki, qan azlığı xəstəlik deyil, sadəcə bir əlamətdir. Dəmir, B12 vitamini, fol turşusu kimi metabolik maddələrin çatışmazlığına bağlı olan anemiyalar sıx görülməklə birlikdə, qaraciyər və böyrək xəstəlikləri kimi sistemik səbəblərin, sümük iliyi problemləri də anemiyaya səbəb ola bilər. Bununla da COVID-19 infeksiyası keçirən insanda qan azlığının nədən yarandığını müəyyənləşdirmək olduqca önəmlidir. Koronavirus infeksiyası respirator sisteminə (xüsusən alt tənəffüs yollarına) ciddi şəkildə təsir etdiyindən anemiyası olan xəstələrdə tənəffüs çatışmazlığı müşahidə olunur.
COVID-19-un bilavasitə hematopoetik sistemə təsir nəticəsində anemiya ortaya çıxır. Koronavirusa yoluxanların 60 faizində anemiya müəyyən edilib.
- Virusa yoluxub sağalan şəxs donor ola bilərmi?
- COVID-19 pandemiyası müddətində qan donorlarının miqdarında ciddi azalma yaşanmasına baxmayaraq, qısa müddətdə bu problem aradan qalxdı.
İnfeksiya simptomsuz şəkildə keçibsə müəyyən müddətdən sonra koronavirusa yoluxmuş şəxslər qan donoru ola bilərlər. Əgər infeksiyanın simptomları ortaya çıxıbsa, o zaman simptomlar tam keçdikdən 14 gün sonra qan donor olmaq mümkündür.
- Koronavirus laxtalanmaya səbəb olmaqla orqanizm üçün hansı çətinliklər yarada bilər?
- Koronavirus infeksiyası insan orqanizminin laxtalanma sistemində dəyişikliyə səbəb ola bilər. Trombotik ağırlaşmalar, xüsusən də xəstəliyi ağır keçirən şəxslərdə rast gəlinir. Bu ağırlaşmalara miokard infarktı, işemik insult, arterial və venoz tromboemboliya daxildir.
Ağırlaşmaların diaqnostikasını təyin etmək üçün radioloji diaqnostika və laborator testlər vacibdir. COVID-19 səbəbindən hospitalizasiya olunmuş şəxslərdə simptomatik venoz tromoembolizm ortaya çıxma nisbəti təxminən 10 faizdir.
- Koronavirusdan sağaldıqdan sonra hansı qan xəstəlikləri ortaya çıxa bilər?
-Təəssüf ki, COVID-19 yoluxub sağalanlarda bəzən qan xəstəlikləri ortaya çıxır. Belə ki, tromboz keçirmiş insanlarda müvafiq orqan disfunksiyası yaranır. Bundan əlavə, miokard infarktı keçirmişlərdə ürək çatışmazlığı, pulmonar (ağciyər) emboliya olanlarda tənəffüs çatışmazlığı, həmçinin artmış pulmonar hipertenziya, işemik beyin insultu keçirmiş insanlar zehni və fiziki iş görən zaman çətinliklərlə üzləşirlər.
- Bədxassəli qan xəstəliyi olanlar bu müddətdə nələrə diqqət etməlidir?
- Leykoz, limfoma, miyelom kimi hematoloji xərçəngi olan, aktiv müalicə alan və ya müalicəsini yeni tamamlamış şəxslərdə digərlərinə nisbətən COVID-19 daha ağır şəkildə keçə bilər. İmmuniteti zəifləmiş və ya xərçəng xəstəliyindən müalicə alanlar, onlarla birgə yaşayan ailə üzvləri tənəffüs yolları infeksiyalarının ötürülməsi riskini azaltmaq üçün tövsiyə olunan tədbirlərə daha diqqətlə əməl etməlidirlər.
Bundan əlavə, dərmanların həkim nəzarəti olmadan birbaşa dayandırılmasının nəticələri xəstə üçün daha riskli ola bilər. Bu səbəbdən hər hansı bir dərman dəyişikliyindən əvvəl mütləq xəstələrin həkim ilə əlaqə saxlamaları tövsiyə olunur.